Vahid Mustafayev: “Şuşa radiosu tenderini ANS-ÇM “uduzdu””

“Audiovizual Şura artıq birdən-birə üç radiotezliyi tenderə çıxarıb. ANS-ÇM də müsabiqədə iştirak edir. Düşünürəm, bu dəfə Qafqaz və Orta Asiyada ilk yaranmış radiomuz tenderdə qalib gələ biləcək”.

İndex.az xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib. O xatırladıb ki, ANS-ÇM  “Döyüş alnımıza yazılıb” şüarının elçisi və daşıyıcısıdır:

“İnanmaq istəyirəm ki, bu dəfə mən milyonlarla dinləyicilərimizin, daim mənə ANS-ÇM radiosunu açmaq tələbi ilə müraciət edən şəxslərin qarşısında başıaşağı qalmayacam. Hamını bir sual maraqlandırır – axı niyə ANS-ÇM Azərbaycanda olmasın, bu qərarın arxasında kim durub?! Bir şeyi bilirəm ki, bu, Azərbaycan xalqı deyil!”.

V.Mustafayev qeyd edib ki, Avropanın Şurası və Birliyinin tələbi ilə Azərbaycanda da, Ermənistan və Gürcüstanda olduğu kimi, bir çox radioların açılması gündəmdədir:

“Lakin qərar verən cənablar, söhbət kəmiyyətdən yox, keyfiyyətdən gedir. Şuşa radiosu tenderini ANS-ÇM “uduzdu”. Nəticədə nə oldu? Bu günədək Şuşada heç bir radio fəaliyyət göstərmir. Müsabiqəni udan təşkilat rahatca Bakıda oturub, Şuşadan çox uzaqda fəaliyyət göstərir. Amma bu gün məhz Şuşada radionun olması və Azərbaycanın səsini yerində ucaltması çox vacib, taleyüklü məsələdir”.