Evi MTK tərəfindən 3-4 nəfərə satılan şəxslər nə etməlidir?

“MTK-larda bir mənzilin bir neçə nəfərə satılması hallar tez-tez baş verir. “Təbriz” MTK-nın rəhbərinin törətdiyi əməl dələduzluq kimi qiymətləndirilir. Vətəndaş belə halla üzləşdikdə dərhal polisə müraciət etməlidir. Həmin vaxt ödəniş kağızları, alqı-satqı müqaviləsi və digər sənədləri də təqdim etməlidir. Bəzən olur ki, həmin binada satılmamış mənzillər qalır, əgər şəxs işin üstünə tez düşsə, ödədiyi pulun əvəzi kimi onlardan birini ala bilər. Mənzillərin hamısı satıldıqdan sonra MTK-dan ödədiyin pulu geri almaq çətin olur”.

Index.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasın Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib.

Hüquqşünas qeyd edib ki, işə vaxtında müdaxilə edilmədikdə təqsirkar həbs edilsə belə, zərərçəkənə bunun xeyri olmur:

“Çünki cinayətkar pulu ödəməkdən imtina edir. Çox istərdim ki, mətbuat yeni tikilən binalarda mənzillərin satış qaydaları haqqında geniş məlumat versin. Bu, dələduzluq hallarının sayını azalda bilər. Hökumət kütləvi surətdə dələduzluq olduğunu, bir mənzilin bir neçə nəfərə satıldığını görəndən sonra həmin yeni tikilmiş mənzillərin satışı haqqında qaydalar tərtib edib. Bu qaydalara görə, MTK özü alqı-satqı müqaviləsi bağlayıb tikilməkdə olan və ya tikilmiş evi sata bilməz. Müqavilə mütləq şəkildə notariat qaydada olmalı və pul MTK-nın bank hesabına köçürülməlidir. Bu barədə əhalini geniş məlumatlandırmaq lazımdır”.

Ə.Mustafayev bildirib ki, qaydalara əsasən, mənzilin tikintisinin mərhələsindən asılı olaraq ödənişlər hissə-hissə edilə bilər:

“Ancaq hazırda bir çox MTK pulun böyük hissəsinin ödənilməsini tələb edir, qaydalara riayət etmir. Qanunvericilikdə evin tikintisinin mərhələsindən asılı olaraq ödənişin hissələri müəyyən edib. Bu məsələyə nəzarət etməli olan dövlət qurumlarından MTK-ların qaydalara əməl etməsi tələb oluna bilər. Təzə tikilən evlərdə monitorinqlər aparılmalıdır. Müştəriyə hansı şərtlər daxilində satıldığı yoxlanmalıdır. Belə halların qarşısı əvvəlcədən alınmalıdır”.