Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovun İndex.az-a müsahibəsi:
– Ölkəmizdə müxtəlif təlim kursları mövcuddur. Bu kursları hansı cəhətlərinə görə fərqləndirmək və neçə yerə bölmək olar?
– Belə kursları 3 yerə bölmək olar: zəif kurslar, normal kurslar və bizim kurslar kimi qəza əleyhinə kurslar. Zəif kurslarda, demək olar ki, heç bir şey öyrətmirlər. Normal kurslarda yalnız qaydalarla sürməyi öyrədirlər. Praktika göstərir ki, Bakı şəhərində yalnız qaydalarla sürsəniz, qəzaya düşəcəksiniz. Düzdür, qaydalarla sürmək lazımdır. Ancaq əsas məsələ qəzalardan qaçmağı öyrənməkdir. Bunu isə yalnız qəza əleyhinə kurslarda öyrədirlər. Belə kursların isə sayı azdır. Hansı ki, biri də bizim kursdur.
– Sizcə yollarda qəzaların çox olmasının əsas səbəbi nədir? Hansı tədbirlər görülməlidir?
– Son vaxtlar qəzaların sayı artıb. Bunun əsas səbəbi avtomobillərin sayının kəskin şəkildə artmasıdır. Respublikamızda 1.5 milyondan çox avtomobil var. Onun da 70%-dən çoxu Bakıdadır. Buna görə, sıxlıq yaranır və qəzalar olur. İkinci səbəb sürücülərin savadsızlığı və sürücülük mədəniyyətinin olmamasıdır. İş burasındadır ki, qəzaların əksəriyyəti sürücülük mətəniyyətsizliyindən qaynaqlanır. Sürücülər bilərəkdən işıqforun qırmızı işığında keçir, hərəkətdə olarkən digər nəqliyyat vasitəsini “sıxışdırır”. Belə hallar isə qəzaları qaçılmaz edir. Bunu həll etmək üçün illər lazımdır. Yol hərəkəti qaydaları insanlara hələ uşaq vaxtında məktəblərdə, universitetlərdə öyrədilməlidir. İnsanlar öncə piyada hərəkət edərkən hansı qaydalara əməl etməli olduğunu bilməlidir ki, sabah sükan arxasına oturanda həmin mədəni davranış davamlı olsun…
– Bakıda yolların planlaşdırılmasının qəzalarda rolu var?
– Ümumiyyətlə son illərdə bu məsələ ilə bağlı çox işlər görülüb. 1990-cı illərdə vəziyyət bu baxımdan çox ağır idi. Həmin vaxtlar yol ötürücüləri yox idi, yollar çalalarla dolu idi. Son illərdə çox işlər görülüb. Lakin bəzi yerlərdə yol hərəkətinin təşkili düzgün qurulmadığından qəzalar olur. Elə yollar var ki, mən ora nə tələbə ilə, nə də özüm daxil olmuram. Çünki həmin yollarda hərəkət elə təşkil olunub ki, yol-hərəkət qaydalarını pozmadan keçmək mümkün deyil. Ya qaydaları pozmalısan, ya da altermativ yollardan istifadə etməlisən. Əvvəlki illərdə işıqforlar “yaşıl”dan “qırmızı”ya qəfil keçirdi. Buna görə, sürücü qəfil əyləcləyirdi. Bu isə qəzalara şərait yaradırdı. Son illərdə bu baxımdan da çox işlər görülüb. Bundan əlavə, işıqforların altındakı saniyəölçənin də xeyri çox olsa da, əfsuslar olsun ki, onları bir çox yerlərdə yığışdırırlar.
– Bakı şəhərində hərəkətin düzgün təşkil olunmadığı yolların olduğunu bildirdiniz. Hansı yollardır? Birini misal göstərə bilərsiniz?
– Birinin adını çəkə bilərəm. Ağa Nemətulla küçəsinin sonunda, Nərimanov məhkəməsinin yanında. Orada geriyə dönmək üçün yer var idi. Hal-hazırda onun yerini dəyişərək qabağa aparıblar və həmin yolda yerə dairə işarəsi çəkiblər. Halbuki, yerdə dairə işarəsi xətlənmə ilə olmamalıdır, dairə nişanı ilə olmalıdır. Orada ancaq sağa və düz istiqamətdə hərəkətə icazə verilir. Sürücülər isə avtomatik geriyə dönürlər. Bu isə həmin ərazidə böyük xaos yaradır. Şəxsən mən həmin yoldan istifadə etmirəm.
– Qadınlar daha çox qəza şəraiti yaradır, yoxsa kişilər?
– Mənim tələbələrimin 10-dan 9-u qadındır. Şəxsən mənim tələbələrim heç vaxt qəza şəraiti yaratmır. Bundan başqa, mən yollarda qadınlara fikir verirəm. Qayda pozan qadınlar çox azdır. Kişilər isə, əksinə, daha çox qəzalara düşürlər. Çünki qadınlarda özünüqoruma hissi daha çoxdur. Qadınların evə çatma arzusu daha çoxdur. Kişi sürücülərdə böyük hövsələsizlik var. Onlar qadınlara baxanda daha çox qayda pozurlar və daha çox qəzaya düşürlər. Qadın sürücülər isə səliqəli və qaydalara uyğun avtomobil idarə edirlər.
– Yol polisləri bələ hərdən qayda pozurlar, hətta qəzaya düşürlər. Bu barədə nə düşünürsünüz?
– Hər bir sürücü kimi, təsadüfən hansısa yol polisi də qaydanı poza bilər. Qayda pozan bir yol polisi əməkdaşına görə yol polisinə görə biz bütün əməkdaşlar haqqında fikir bildirə bilmərik. Əslində yol polisinin rolu çox böyükdür. Çünki yol polisi olmayan ərazilərdə böyük xaos yaranır. Əgər onlar olmasa, qəzaların, sükan arxasında narkotik vasitə qəbul edənlərin, içki içənlərin sayı qat-qat çox olar. Yol polisləri də çox mədəniyyətsiz sürücülərlə qarşı-qarşıya qalırlar. Yol polisləri bütün sürücülərin dostudur. Adicə yol patrul xidmətinin avtomobilini görəndə qayda pozan sürücü belə qaydalara əməl etməyə çalışır. Bu özü də qəzaların qarşısını alır. Ümumiyyətlə, qayda pozan sürücülər yol polisləri onları saxlamadığı müddətdə qayda pozmaqda davam edir və etdiyi pozuntuların dozasını hər ötən gün artırır. Bu isə belə sürücüləri qəzaya daha da yaxınlaşdırır. Yol polisinin etdiyi cərimələrdən çəkinərək bir çoxu qaydalara əməl edir. Qayda-qanunlara əməl edib, sükan arxasında mədəni olmaq lazımdır. Biz başa düşməliyik ki, bu qaydalar qanla yazılıb.
– “Prius”lar haqqında nə demək istəyirsiniz? Taksi fəaliyyəti göstərən sürücülər niyə bu qədər qəzaya səbəb olur?
– Əvvəllər biz avtobuslardan, yük maşınlarından qorxurduqsa, son vaxtlar başlamışıq “prius”lardan qorxmağa. “Prius”ların bu qədər çox qəza törətməyinin səbəbi təcrübəsizlikdir. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri yoxlayırdılar. Çox təcrübən olmalı idi ki, səni işə götürsünlər. İndi isə belə deyil. Kimi gəldi işə götürürlər. Baxmırlar ki, bu adamın təcrübəsi 1 ildir, yoxsa 1 aydır. İkinci önəmli səbəb isə taksi sürücülərinin uzun iş vaxtıdır. Əməkhaqqı az olduğundan sürücü xeyli sayda sifariş yerinə yetirməlidir ki, ayın sonu normal qazanc əldə etsin. Sürücü 8 saat yox, 15-16 saat işləyir. Bu isə yuxusuzluğa, yorğunluğa səbəb olur. Yorğun və yuxulu sürücü, təbii ki, qəza törədəcək. Qanunvericiliyə görə, 8 saatdan artıq iş saatı olmamalıdır. Özü də belə ciddi işdə. Buna nəzarət edən yoxdur.