“Azəriqaz”ın baş direktoru qazlaşdırılma prosesini yaxından izləmək üçün Qubaya getdi

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Quba rayonuna səfəri çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədovla birlikdə rayonun Barlı kəndində qazlaşdırılma işləri ilə yerindəcə tanış olub.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, baş direktor kənd sakinləri ilə görüşərək onları dinləyib, qazlaşdırılma işləri barədə lazımi məlumat verib.

Birlik rəhbərinin nəzərinə çatdırılıb ki, kənddə küçə qaz xəttinin çəkilməsi üçün layihə üzrə ümumilikdə 7603 metr uzunluğunda xəttin çəkilməsi nəzərdə tutulub. Artıq 7000 metr uzunluğunda qaz xəttinin çəkilişi işləri yekunlaşıb. Daha sonra bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

Ruslan Əliyev Aşağı Xanagah kəndində də qazlaşdırılma işləri ilə yaxından maraqlanıb. Kəndin qazlaşdırılması üçün uzunluğu 1930 m nəzərdə tutulan küçə qaz xətlərinin 867 m hissəsinin çəkilişinin başa çatdığı Birlik rəhbərinin diqqətinə çatdırılıb.

Ruslan Əliyev qarşıdan qış fəslinin gəldiyini bildirərək qazlaşdırılma işlərinin qısa zamanda başa çatdırılmasına dair tapşırıq verib. Bu ünvanda da görüş zamanı bir qrup əməkdaş SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

 

Daha ətraflı: