Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 56,1 milyard manatlıq sənaye məhsulu istehsal edib.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır.
Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,6% azalıb, qeyri neft-qaz sektorunda isə 9% artıb.
Sənaye məhsulunun 75,5%-i mədənçıxarma sektorunda, 20,6%-i emal sektorunda, 3,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,2% azalıb, əmtəəlik qaz hasilatı isə 11,3 % artıb.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 76,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9%, elektrik avadanlıqlarının istehsalı 50,1 %, mebel istehsalı 49,8%, geyim istehsalı 47,3%, maşın və avadanlıqların istehsalı 38,5%, hazır metal məmulatlarının istehsalı 35,9%, poliqrafiya məhsullarının istehsalı 27,3%, kompüter, elektron və optik məhsulların istehsalı 25,9%, tikinti materiallarının istehsalı 21,7%, kağız və karton istehsalı 18,9%, qida məhsullarının istehsalı 13,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 12,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 8,5%, kimya sənayesi məhsullarının istehsalı 7,1 %, tütün məmulatlarının istehsalı 2,4% artıb, içkilərin istehsalı 6,1%, neft məhsullarının istehsalı 10,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 28,0% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1% artıb.