“Optimal Elektronika”nın 9 filialı bağlanıb, işçiləri ixtisar edilib

Azərbaycanın aparcı ticarət şəbəkələrindən olan «Optimal Elektronika» ötən il və bu ilin ilk yarısında filiallarının bir hissəsini bağlayıb, işçilərini ixtisar edib.

İndex.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı yarım illik və illik hesabatlarda bildirilir.

Hesabatdan məlum olur ki, son 3 ayda «Optimal Elektronika»nin əməkdaşlarının sayı 100 nəfər azalıb. Martın sonunda 1 192 nəfər əməkdaşı olduğu halda, iyunun sonunda bu rəqəm 1097-yə enib.

Qeyd edək ki, şirkət işçilərinin sayını bu ilin əvvəlində artırmışdı. Belə ki, ilin əvvəlində əməkdaşların sayı 1096 nəfər idi, görünür, şirkət irəliləyşə cəhd edib, amma gözlənilən nəticə alınmayanda ixtisara əl atıb.

İşçilərin ixtisarı «Optimal Elektronika»nın bir neçə filialının bağlanması ilə əlaqədardır.

Şirkətin özünün açıqladığı məlumata görə, ilin əvvəlindən bəri  9 filial – «20 Yanvar», «Ağdam», «Bakıxanov-1», «Beyləqan Mebel», «Masazır», «Mərdəkan», «Nizami», «Sabunçu», «Xırdalan-2» filialları bağlanıb.

Maraqlıdır ki, «Ağdam» filialını «Optimal Elektronika» ötən il açmışdı, amma tezliklə bağlamalı olub.

Xatırladaq ki, «Optimal Elektronika» şirkəti özünün ixtisaslaşdırılmış mağazalarında mebellərin, işıqlandırıcı avadanlıqların və digər məişət cihazlarının satışı ilə məşğuldur.