Kraliçanın ölümü Şahzadə Uilyamın sərvətini 1.1 milyard funt-sterlinqə yüksəltdi

Kraliça II Elizabetin ölümündən sonra Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton Kornuol hersoqları titulunu aldılar. Həmçinin Britaniya kralı III Karl cütlüyü Uels şahzadələri elan edib. Bununla da onların səlahiyyətləri artırılıb.

Məlumata görə, yeni titullar aldıqdan sonra Uilyamın sərvəti 1.1 milyard funt-sterlinqə yüksəlib.

Qeyd olunur ki, Kornuol hersoqu və hersoginyası titulu külli miqdarda aktivlər, həmçinin torpaqlar, meşələr və çaylar almaq deməkdir. Bununla yanaşı, Uels şahzadəsi hazırda İngiltərə və Uelsin 20 qraflığında, o cümlədən Dartmur Milli Parkında təxminən 128 min hektar əraziyə sahibdirlər.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-da Vindzor qəsrində keçiriləcək. Kraliçanın ölüm səbəbi açıqlanmayıb. Təkcə o məlumdur ki, ölüm anında onun bütün yaxın qohumları yanında olsa da, Şahzadə Harri onunla vidalaşmağa imkan tapmayıb. Belə ki, statusundan imtina edən şahzadəyə qardaşı Uilyamı və əmilərini Şotlandiyaya aparan təyyarəyə minməsinə icazə verilməyib, nəticədə o, saat yarım gecikib.