“Naxçıvana məktəbli forması gətirilməsinə qadağa qoyulub”.
İndex.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”ın yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, bazarlarda yalnız yerli “Zümrüd Tekstil” MMC-nin istehsal etdiyi formaların satışına icazə verilir. İddia edilir ki, bu MMC yerli hakim ailə Talıbovların nəzarətindədir.
Məlumatda qeyd olunur ki, yerli gömrük orqanları Naxçıvana gətirilən məktəbli formalarını müsadirə, ən yaxşı halda isə, onların geri qaytarılmasını tələb edir. Bundan əlavə, digər yerli tikiş sexlərinə də məktəbli və tələbə forması tikməyə qadağa qoyulub. Sakinlərin bildirdiyinə görə,bu hal onları seçim imkanından məhrum edir və bahalığa səbəb olur.
Naxçıvanda bir dəst məktəbli kostyumunun qiyməti ölçüsündən asılı olaraq 45-100 manat arası dəyişir.
Naxçıvanda tələbələr də xüsusi forma geyinmə məcbur edilirlər. Bu formaların isə ən ucuzu 140 manata satılır. Naxçıvan şəhər sakini Arzu Məmmədov deyir ki, iki övladını geyimlə təmin etmək üçün ən azı 250 manat ödəməlidir:
“Bir övladım bu il ali məktəbə qəbul olub, biri isə 10-cu sinfə gedəcək. Aylıq ailə büdcəmiz cəmi 500 manatdır. Məktəbli və tələbə forması çox bahadır. Demək olar ki, iki övladımın tək formalarına büdcəmin yarısını xərcləməliyəm. Məslə tək forma almaqla bitmir axı. Kitab, dəftəri, qələmi və sairə var. Bu ay büdcəmi yalnız uşaqların məktəbinə xərcləməli olacağam. Ailənin digər təminatını ödəmək üçün də borca girməliyəm. Bahalığa səbəb monopoliyadır. Nə kənardan gətirməyə imkan verirlər, nə də başqasına tikdirməyə. Məktəb deyir ki, “Zümrüd”ün malı olmasa uşaq sinfə buraxılmayacaq. Məcbur qalıb, baha alırıq. Gözləri doymur, hər yerdən pul qazanırlar”.
Şərur rayon sakini Ramazan Qurbanov deyir ki, övladlarına forma almaq üçün borc almağa məcbur olub:
“İki uşağım məktəbə gedir, biri tələbədir. Şagirdləri başa düşdük, harda görülüb ki, tələbələr xüsusi forma geyinməyə məcbur edilsin? Pul tələsidir. Özüm işsizəm, pensiyamı da kəsiblər. Uşaqlara forma almaq üçün borca girmişəm. Necə qaytaracağımı da bilmirəm. Çox bahadı qiymətlər. Borcla forma alan tək mən deyiləm. Forma almaq üçün əksər valideynlər borc axtarır. Borc tapa bilməyəndə isə məcburdurlar ki, banklardan kredit götürsünlər. Kredit isə çox yüksək faizlə verilir”.
“Zümrüd tikiş” MMC-dən şikayətçilərin iddialarının əsassız olduğunu bildiriblər.
Qeyd edək ki, bu MMC 2007-ci ildən Naxçıvan şəhərində fəaliyyət göstərir. Hazırda tikiş fabriki illik tələbata uyğun olaraq 100 mindən çox tələbə, şagird və müəllim vahid formaları, bir o qədər köynək və yüngül ayaqqabı istehsal edib, satır. Bundan əlavə, MMC hüquq-mühafizə orqanı əməkdaşları, həkimlər və.s üçün vahid geyim formaları hazırlayır. MMC paltarlar üçün xammalı Türkiyədən alır.
Mənbə – Yeniavaz