Əhali 1,7 milyard manatlıq benzin və dizel alıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 749,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satılan benzin və dizel yanacağın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Bu ilin 8 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 874,5 milyon manatlıq, o cümlədən 17 milyard 426 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 448,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.