Gürcüstan xarici ölkə vətəndaşları üçün viza rejimini sərtləşdirmək istəyir

Gürcüstan hökuməti xarici ölkə vətəndaşları üçün viza rejimini sərtləşdirmək niyyətindədir. Hökumət bununla bağlı hazırladığı qanun layihəsini artıq parlamentə təqdim edib. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

Bu barədə ölkə mətbuatı məlumat yayıb. Məlumata əsasən, dəyişikliklərdə vizasız rejimdən istifadə edən və ölkədə 90 və ya 180 gün qala bilən əcnəbilər üçün “Gürcüstana giriş və qalma üçün fərqli rejim” yaradılmasından bəhs olunur. Ölkələrin tam siyahısı Gürcüstan hökumətinin 256 saylı qərarında verilib.

Dəyişikliklərə əsasən, immiqrasiya vizası almaq üçün Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət proseduru da dəyişir. İzahatda bildirilir ki, əcnəbilər çox vaxt mövcud qanunvericiliklə müəyyən edilmiş imkandan sui-istifadə hallarına yol verirlər. Onlar Gürcüstana immiqrasiya məqsədi ilə deyil, qısamüddətli səfər edərək daxil olur və immiqrasiya vizası üçün xarici işlər nazirliyinə sonradan müraciət edirlər.

“Onların məqsədi uzunmüddətli perspektivdə yaşayış icazəsi əldə etməkdir. Bunun üçün qanunla müəyyən edilmiş müvafiq kateqoriyalı vizaya malik olmaq lazımdır ki, bu da öz növbəsində digər ölkələrin vətəndaşlarını qeyri-bərabər vəziyyətə salır və eyni zamanda, dövlət nəzarətinin elementi nəzarət təhlükəsizliyindən kənarda qalır”, – deyə məlumatda bildirilir.