Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2021-ci ili 1,509 milyon manat mənfəətlə başa vurub.
Index.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 3,5 dəfə azdır.
Ötən il dövlət MİDA-ya əvvəlki il olduğu kimi – 2,1 milyon manat yardım edib. Agentliyin maliyyə gəlirləri 10,176 milyon manat, diskontun amortizasiyası üzrə gəlirləri isə 4,293 milyon manat təşkil edib. Bunlar isə əvvəlki ilə nisbətən müvafiq olaraq 1% və 5 dəfə çoxdur.
Bundan başqa, hesabat dövründə MİDA-nın ümumi və inzibati xərcləri 3,44 milyon manat (10,3% çox), maliyyə xərcləri 2 min manat (30,4% az), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 1,317 milyon manat (2,3 dəfə çox), kreditlərinin ədalətli dəyəri üzrə zərəri 10,293 milyon manat (2,5 dəfə çox), sair zərəri isə 8 min manat (əvvəlki il gəlir olub) olub.
Bu il yanvarın 1-nə MİDA-nın aktivləri 535,534 milyon manat olub ki, bu da illik müqayisədə 48,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2,8 dəfə artaraq 49,799 milyon manata, balans kapitalı isə 41,2 % artaraq 485,735 milyon manata çatıb.
Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.