Tarixi hamam satılır, icra hakimiyyəti mətbuatdan xəbər tutur – FOTO

Şamaxıda “Köhnə hamam” kimi tanınan abidə satışa çıxarılıb.

İndex.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Lətafət Məlikova məlumat verib. Onun sözlərinə görə, “Köhnə hamam” kimi tanınan abidə dağılmaq üzrədir:

“Hər daşında tarix yatan hamamın qapısının üstünə “satılır” sözü də yazılıb. Kim satır bu hamamı? İllərdi qapısına qıfıl vurulub. Şamaxı rayon İçra Hakimiyyəti və Mədəniyyət Nazirliyi bu hamam-abidənin məhv olmasına seyirçi münasibət bəsləyir. Hamamın ərazisi qonşular tərəfədindən zəbt edilib, daşları sökülüb. Üstündə bir lövhə belə yoxdur, sadəcə pəncərələri qalıb. Tarixi qapısı sökülüb”.

Lətafət Məlikova Şamaxıda bütövlükdə tarixi abidələrə laqeyd münasibət bəsləndiyini vurğulayıb:

“M.Ə.Sabirin yaşadığı evi təmir adı ilə bağlayıblar. Orada dayanan mühafizəçinin dediyinə görə, nə vaxt təmir edilib açılacağı bilinmir. Şamaxıda tarix yavaş- yavaş məmurların əli ilə məhv olur”.

Məsələ ilə əlaqədar Şamaxı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova Qaynarinfo-ya açıqlamasında məsələdən xəbərsiz olduqlarını bildirib:

“Çox sağ olun ki, məlumat verdiniz. Məsələni araşdırıb məlumat verərik”.