Torpaq uçqunu 4 kəndin yolunu bağladı

2 gün əvvəl gecə saatlarında Daşkəsən rayonunda baş vermiş torpaq uçqunu bir neçə kəndin yolunu bağlayıb. Hadisə “Daşkəsən Dəmir Filiz” MMC-nin hasilat fəaliyyəti apardığı “Cənub-Şərq” mədən ərazisindən təqribən 2 kilometr aralıda baş verdiyindən yolun bərpası işlərinə sözügedən qurumun texnika və canlı qüvvəsi cəlb olunub.

İndex.az xəbər verir ki, hadisə zamanı elektrik xəttləri zədələndiyindən kəndlərə enerji ötürülməsində də fasilə yaranıb.

Uçqunun o tayında qalan Mollahəsənli, Əhmədli, Şahvələdli və Dəstəfur kəndlərinin sakinləri rayon mərkəzinə çıxmaq üçün alternativ yollardan istifadə edirlər.

Hadisənin fəsadlarını aradan qaldırmaq üçün əraziyə “Daşkəsən Dəmir Filiz” MMC-nin onlarla tikinti texnikası və canlı qüvvəsi cəlb olunub.

Müvafiq qurumlar mütəxəssisləri əraziyə cəlb edib. Yolun tam açılması istiqamətində işlər görülür. Paralel olaraq qeyd edilən ərazidə bu kimi hadisənin gələcəkdə yenidən baş verməməsi üçün qabaqlayıcı tədbirlər planı hazırlanır.