Yerli “rent a car”lar xarici şirkətlərə niyə uduzur?

Azərbaycanda fəaliyyət göstərən yerli avtomobil kirayəsi şirkətləri (rent a car) xarici şirkətlərə uduzur. Belə ki, yerli “rent a car” şirkətləri köhnə, xarici şirkətlər isə təzə avtomobil təklif edirlər.

İndex.az xəbər verir ki, bunu açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən şirkət çox olsa da keyfiyyətli xidmət göstərən şirkət azdır. Təklif edilən avtomobillər əksər hallarda köhnə və diskomfort olur: “Yerli şirkətlər hətta istehsal tarixi 90-cı illərə aid avtomobillər də təklif edirlər”. Ekspert qeyd edir ki, xarici şirkətlər öz imiclərini qorumağa çalışır və istehsal ili 5 ildən çox olan avtomobilləri müştərilərə təklif etmirlər.

Xarici “rent a car”lar avtomobili onlayn ödənişlə hava limanında təklif edir

Bundan əlavə, hava limanında daha çox xarici “rent a car”lar təmsil olunur. Yerli şirkətlərin büdcələri aşağı olduğu üçün bu imkandan yararlana bilmirlər. Xarici “rent a car”ların digər bir üstünlüyü daha təkmilləşmiş servis göstərmələri, kartla ödəniş təklif etmələridir: “Azərbaycana gəlməyə hazırlaşan amerikalı və ya avropalı turist telefonundan avtomobili sifariş edir, kartla ödəniş edir, avtomobili isə hava limanındaca götürə bilir. Bundan əlavə, xarici “rent a car”lar avtomobildə hər bir kiçik detalı nəzərə alır”.

“Bir günlük qiyməti göstərib, yaxınlaşanda 2 günlük kirayə verdiklərini deyirlər”

Ekspertin sözlərinə görə, yerli şirkətlərlə bağlı digər problem müştərilərin aldadılmasıdır. Yerli şirkətlər avtomobilin kirayəsini elanda 45-50 manat göstərir. Müştəri müraciət edəndə isə avtomobili minimum 2 günlük təklif etdiklərini bildirirlər. Başqa sözlə, avtomobil müştəriyə minimum 100 manata başa gəlir.

Sığorta şirkətləri “rent a car”lara ödəniş verməkdən imtina edir

Ekspert hesab edir ki, əsas problemlərdən biri kirayə verilən avtomobillərin kasko sığortasının olmamasıdır. Bunun da birinci səbəbi sığorta şirkətləri ilə “rent a car”lar arasında yaranan mübahisələrdir: “Səyahət zamanı qəza baş verirsə, sürücü gözləmir və maşın dərhal ərazidən götürülür. Bəzi hallarda baş verən hadisəni gizlətməyə çalışır. Qəzanın baş verdiyi yalnız avtomobil təhvil verilərkən məlum olur. Sığorta şirkəti də hadisəni yerində qeydə almadığı üçün ödəniş etməkdən imtina edir. “Rent a car” şirkətləri də müştərilərlə müqavilə bağlayarkən bunu nəzərə alır. Sığortaya görə müştəridən əlavə pul alır, sığortasız avtomobil istəyən müştəri isə ola biləcək qəza ilə bağlı xərcləri əvvəlcədən öz üzərinə götürməli olur”.

Kirayə avtomobil xidmətindən daha çox xarici turistlər istifadə edir

O bildirib ki, Azərbaycanda avtomobil kirayəsi sahəsində əsas müştərilər xarici turistlər və ölkəmizə səfərə gələn xaricdəki soydaşlarımızdır. Yəni, Azərbaycanda kirayə avtomobil sahəsi daha çox turizm sektoru ilə əlaqəli fəaliyyət göstərir və bu xidmətə tələb yay mövsümündə daha çox artır: “Yay mövsümündə C seqmentində olan ekonom avtomobillərin kirayəsinə tələb yüksək olur. Premium və biznes modellər, minibusları isə bir günlük də kirayə etmək olur”.

Kirayə avtomobillər bir ildə 10% bahalaşıb

E.Cəfərov bildirib ki, ümumilikdə yerli şirkətlər xarici “rent a car”lara rəqabətdə uduzsa da tələbin yüksək olması onların fəaliyyətlərini rentabelli edir, yəni gəlirlə işləyirlər. Tələbin yüksək olması qiymətlərə də təsir edib: “2021-ci ilə nisbətən bu ilin ötən dövründə avtomobillərin kirayəsi 10% civarında bahalaşıb. Əvvəl 40 manata təklif edilən C seqmentində avtomobil, 50 manata, 50 manata təklif edilən avtomobilin kirayə qiyməti isə 60 manata kimi artıb”.

Mənbə – APA