İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidməti “Marja İnvest” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb. Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, mənzil 55, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Aysel Qüdrət qızı Quliyevadır.
Xatırladaq ki, Bank olmayan kredit təşkilatı (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.
Ölkədə indiyədək fəaliyyət göstərən BOKT-ların sayı 50-dən artıqdır. Onların əksəriyyəti bölgələrdə fəaliyyət göstərir və kənd təsərrüfatı sektorunu maliyyələşdirir.
BOKT-lar doğrudanmı lombard və banklardan daha asan və sərfəli kredit imkanlarına malikdir?
İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, lombardlar bank olmayan kredit təşkilatları kimi fəaliyyət göstərir, ancaq lisenziya almırlar:
“Azərbaycanda qanunvericiliyə görə kredit təşkilatlarının iki növü var ki, onlardan biri də bank olmayan kredit təşkilatlarıdır. Onların fərqi odur ki, həm vətəndaşlardan bank əmanəti qəbul edir, istərsə də valyuta, nağd əmanətlər və kredit verir. Bank olmayan kredit təşkilatarı isə yalnız kredir verir. Onlar əmanət qəbul edə, bank hesabları aça, nağd əməliyyatlar, valyuta mübadiləsi apara bilmir. Bu baxımdan da bank olmayan kredit təşkilatlarının fəaliyyəti üçün elə də böyük bir yer yoxdur. Əksinə, banklar üçün daha çox yer var. Bank olmayan kredit təşkilatları kredit verir, onlara Mərkəzi Bank lisenziya verir və nəzarət edir. Sadəcə olaraq çoxdandır ki, ölkədə bank olmayan kredit təşkilatlarına lisenziya vermirdilər. Sanki bu məsələni dondurmuşdular. Son 3-4 ildə heç bir yenisi təsis olunmurdu. Görünən oldur ki, Mərkəzi Bankın yeni rəhbərliyi bu prosesə başlayıb”.
Ekspertin fikrincə, bank olmayan kredit təşkilatlarının fəaliyyətini genişləndirmək lazımdır:
”Bu gün onlar yalnız kredit verə bilir və buna görə də banklarla rəqabət apara bilmirlər. Xaricdə isə bank olmayan kredit təşkilatları da nağd əməliyyatlar, valyuta mübadiləsi, pul köçürmələri edə bilir. Yalnız əmanət qəbul etmirlər. Bizdə də bu fəaliyyəti genişləndirmək lazımdır”.