“Sərfəli şərtlərlə sahibkarlar üçün biznes kreditləri…” Sosial şəbəkələrdə bu və ya digər başlıqlarla onlarla cəzbedici reklamlar çıxır. Hətta bir çox banklar və bankolmayan kredit təşkilatları daha “peşəkar” yanaşaraq, kredit kalkulyatorları da təqdim edirlər. İnsaf naminə qeyd edək ki, son zamanlar sahibkarlığın inkişafına yönəlmiş bu sahədə vəziyyət əvvəlkinə nisbətən daha yaxşıdır.
Lakin hələ də bəzi məqamlar ya bilərəkdən, ya da bilməyərəkdən nəzərə alınmayıb. Bu isə verilən kreditlərin nəinki sahibkarlığın inkişafına, əksinə sahibkarın fəaliyyətinə çətinlik yaradır. Nəzərə alınmayan məqamlardan biri də biznes kreditlərinin verilməsində ƏDV-nin (əlavə dəyər vergisi – 18 %) nəzərə alınmamasıdır. Bir çox sahibkarlara bəzi banklar və bank olmayan kredit təşkilatları dövlətin sahibkarlar üçün nəzərdə tutulmuş güzəştli kreditlərini təklif edirlər.
Bunlardan Sahibkarlığın İnkişaf Fondu (SİF), İpoteka və Kredit Zəmanət Fondu (İKZF), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və s. dövlət dəstəyi mexanizmləri olan qurumların təklif etdiyi güzəştli kreditləri göstərmək olar. Bu qrumumların süzgəclərindən keçən biznes planlar təsdiqləndikdən sonra müvəkkil bank və kredit təşkilatlarına yönəldilir.
Haşiyəyə çıxıb qeyd edək ki, yeni biznes və mövcüd biznes kimi tərəfləri və əlavə olaraq ayırlan məbləğin biznes mühitə uyğun olub-olmaması ayrıca bir mövzudur və gələn yazılarımızda bu mövzüya toxanacayıq. Qayıdaq ƏDV mövzusuna…
Yuxarıda adları qeyd olunan qurumlardan uyğun biznes planlara ayrılmış kreditlərin məbləğləri 200 000 manatdan yuxarıdır. Məlumat üçün bildirək ki, 200 000 manatdan aşağı olan müraciətlərdə biznes plan tələb olunmur.
Hərçənd, bu, absurddur! Yəni 50 000 manat fərqlə olan hansı biznes ola bilər ki, başlı-başına, heç bir plansız inkişaf etsin?! Deməli, hörmətli sahibkarlar, tutaq ki, sizə ayrılan biznes kreditinin məbləği 250 000 manatdır. Fərz edək ki, kreditin faiz dərəcəsi 10%-dir. Deməli, siz təqribən bir sahibkarlıq fəaliyyətinə başlamaq istəyirsiznizsə, əsas məbləğ 211 500 manat təşkil edəcək. Çünki ayrılan vəsait tamamən əsas məbləğdən ayrıldığı üçün 250 000 manat məbləğin istənilən sahibkar 18% ƏDV üçün ayırmalıdır və bütün fəaliyyəti boyunca bu məbləğ yalnız istifadə üçün yararlıdır (ƏDV əvəzləşmə istifadə istiqamətləri dövlət qurumları saytlarında aydın göstərilib).
Bu isə o deməkdir ki, 250 000 manat əsas məbləğə qarşı 211 500 manat təqribən məbləğ əldə olunur və sahibkar bu məbləğ üzərindən maksimum 20% marja ilə işlədiyi təqdirdə bütün xərclərini çıxdıqdan sonra kredit ödəyir. Lakin 250 000 manat əsas məbləğə qarşı 211 500 manatlıq vəsaitlə istənilən ayrılmış faiz nisbətində siz yenə də sahibkar olaraq 250 000 manat və üzərindəki faizi əsas məbləğdən ödəyirsiz. Bu durumdan qazanclı çıxan yalnız və yalnız krediti ayıran təşkilatlardır. Gəlin, bu məbləğləri dəfələrlə artıraq…
Fərq artdıqca kredit ayıran tərəfin qazancı bir o qədər artır. Yaxşı olardı ki, yuxarıda adları çəkilən qurumlar, banklar və bankolmayan kredit təşkilatları kreditləşmə mexanizmlərinə yenidən baxsın. Məqsəd qeyri-neft sektorunu və ümumilikdə iqtisadiyyatı inkişaf etdirməkdirsə, bu yumşalma getməlidir.
Məsələn, təklif olunur ki, hal-hazırda fiziki şəxslər üçün nəzərdə tutulmuş “ƏDV geri al” layihəsinin təsir dairəsinə sahibkarlar da əlavə olunsun. Sahibkarlar üçün güzəştli kreditlərdən ayrılmış məbləğin ƏDV hissəsinin tam və ya müəyyən hissəsinin geri qaytarılması mexanizmi işlənilə bilər. Həll yollarının axtarılması üçün bir komissiya da yaradıla bilər. Lakin o komissiyada biznes strukturlarının nümayəndələri olmalıdır. Niyə? Çünki adətən təklif hazırlayan qurumların heç biri biznes strukturunda olmadığına görə, məsələyə birtərəfli yanaşırlar.
Nəvahid Abdullayev
Biznes konsultant