Cahangir Əsgərovun kürəkəni işçilər axtarır – Maaş 55 min manat

“Azərbaycan Hava Yolları” ASC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın həyat yoldaşı – 42 yaşlı İtaliya vətəndaşı İqnazio Coracinin Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən çoxsaylı şirkətlərindən biri işçilər axtarır.

İndex.az xəbər verir ki, İqnazio Coracinin direktor olduğu “ASC Handling Limited” şirkəti Avropanın ən böyük hava limanı olan Hitrou Beynəlxalq Hava Limanında sərnişinlərə xidmət göstərəcək və yüklərə nəzarət edəcək əməkdaşlar axtarır. “ASC Handling Limited” şirkəti sərnişinlərə xidmət göstərəcək əməkdaşa illik 16 250-18 500 funt-sterlinq (32 000 – 36 000 manat), yüklərə nəzarət edəcək əməkdaşa isə 26 000-28 000 funt-sterlinq (51 000 – 55 000 manat) əmək haqqı təklif edir.

Məlumat üçün bildirək ki, “ASC Handling Limited” şirkəti Hitrou Beynəlxalq Hava Limanında yükdaşıma xidmətləri göstərən şirkətlərdən biridir.

“ASC Handling Limited”dən başqa İqnazio Coracinin rəhbərlik etdiyi daha 6 şirkət Hitrou Beynəlxalq Hava Limanı ərazisində fəaliyyət göstərir. Həmin şirkətlərdən bəziləri fəaliyyətini dayandırsa da, fəaliyyətini davam etdirən şirkətlər də var. Belə ki, İqnazio Coraci 20 may 2006-cı ildən “Silkway (UK) Ltd”, 15 may 2008-ci ildən “Aviation Servicing Company Ltd”, 22 yanvar 2013-ci ildən “ASC Handling Limited”, 12 avqust 2015-ci ildən “Cargo İnvest Limited”,  12 fevral 2016-cı ildən “Airport Servicing Company Limited” şirkətlərinə rəhbərlik edir.

Bunlardan başqa İqnazio Coraci 12 fevral 2016 – 9 may 2017-ci il tarixlərində  “AS582 Limited”, 5 aprel 2008 – 17 dekabr 2008-ci il tarixlərində “Gazelli İnternational Limited” və 14 fevral 2014 – 23 fevral 2016-ci il tarixlərində “İcleverweb Ltd” şirkətlərinə rəhbərlik edib.

Mənbə – Yeniavaz