Satışa çıxarılan zavodun 550 min manata yaxın vergi borcu var

Azərbaycanda şərab zavodlarından biri – Mərəndi Şərab Zavodunun dövlətə yarım milyon manat üzərində vergi borcu olduğu məlum olub.

İndex.az xəbər verir ki, hüquqi adı ilə “Mərəndi” MMC olan zavodun vergi borcu 549 717 manatdır. Bunu Banker.az 01.09.2022-ci il saat 14:50 radələrinə vergi borcu üzrə baza məlumatlarına istinad edir.

Şirkət 2016-cı ildən dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manat kimi göstərilir. Lakin, son bir ayda şirkətin rəhbəri olan Vüqar Mikayılov bildirmişdi ki, onu nağd şəkildə 4 milyon, kredit xətti ilə isə 5 milyon manata satışa çıxarır.

Abşeron rayonunda yerləşən zavodun istehsal gücü illik 2-3 min ton üzüm qəbul edib emal etməyə imkan verir. Zavoddakı avadanlıq saatda 3 min şuşə şərab istehsalı gücünə malikdir. Bununla da, satıcı tərəfindən verilən açıqlamada bildirilmişdi ki tam gücü ilə işləyəndə müəssisə həftədə 90 min şüşə şərab istehsal edə bilir.

Müəssisənin işçi kollektivi tam gücü ilə işləyəndə 60 nəfərə çatır.

“Üstündə də 117 ha. üzüm bağları 10 illik arendaya verilir. Məncə çox yaxşı qiymətdir”- deyə, zavodun hazırda qanuni təmsilçisi kimiolan Vüqar Mikayılov bildirmişdi.

Hazırda ümumilikdə 160 hektar ərazidə yetişdirilən 15 üzüm növündən çeşidli məhsullar, o cümlədən rafinə olunmuş “Yallı”, “Premium Tella Caspea” və “Tera Caucasea”, eləcə də daha zərif dadı olan və yüngül içilən “İlkin” süfrə şərabları hazırlanır.