Dizel yanacağının satış həcmi son ildə böyük artım göstərir.
İndex.az xəbər verir ki, cari ilin ilk yarısında Azərbaycanda 421 milyon 405.6 min manatlıq dizel yanacağı pərakəndə ticarət olunub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20% artımdır.
2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 350 milyon 072.8 min manatlıq bu yanacaqdan pərakəndə şəkildə ticarət olunmuşdu.
2022-ci ilin təkcə ikinci rübü ərzində (aprel-iyun) dizelin pərakəndə satışı 236 milyon 925.6 min manat olub, bu 2021-ci ilin eyni dövründə 193 milyon 115.7 min manat idi.
Dövlət Statistika Komitəsindən verilən son göstəricilərdə isə, ilin ilk yarısında neft emalı zavodlarında dizelin istehsal gücü zəifləyib. Belə ki, 2022-ci ilin ilk yarısında ölkədə cəmi 862.3 min tonluq dizel istehsal edilməklə, 2021-ci ilin analoji dövründən 30% geri qalır. İstehsalatda dizel ehtiyatının həcmi isə ölkədə cəmi 8.4 min ton göstərilir.
Qeyd edək ki, dizel mühərrikli avtomobillərin Azərbaycana gətirilməsi artmaqdadır. Məsələn, cari ilin ilk yarısında ölkə gömrüyündən 9 239 ədəd dizel mühərrikli minik avtomobili qeydə alınıb. Bu öncəki ildə cəmi 9 161 ədəd idi.
Pərakəndə ticarətin artmasına təsir edən digər amil isə 2021-ci ilin əvvəlində Tarif Şurasının dizel yanacağının hər litri üçün qiymətin 60 qəpikdən 80 qəpiyə qaldırılmasıdır.
Mənbə – Banker