Lənkəran rayonu, Təngivan kəndinin sakinləri icra başçısı Taleh Qaraşovdan şikayətçidir.
İndex.az bakupost.az-a istinadən xəbər verir ki, onlar bu barədə sosial mediada paylaşım ediblər.
Sakinlər bildirir ki, kəndin ortasından keçən Lənkəran çayının yatağı icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi “PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.
Təngivan sakinlərinin yaydığı videogörüntüdə bildirilir ki, çay yatağı darmadağın edilib: “Çay yatağının ətrafında olan yaşıllıqlar da ekskvator bura daxil olandan sonra məhv ediləcək. Şaiq Həsənovla Kamal Hüseynov əlbir olaraq böyük bir ərazini dağıdıblar. Dəfələrlə müraciət etmişik, amma səsimizə səs verən yoxdur. Hətta bu vəziyyəti videogörüntüyə alaraq nazirliyə də göndərmişik. Şaiq Həsənov 2 km ərazidə çayı qazaraq Lerik rayonunun Piran kəndinə qədər gedib çıxıb. Çay yatağının ətrafında olan pay torpaqları da artıq sıradan çıxır. Hazırda həm yaşıllıqları, həm də meşələri məhv edirlər. Dövlət qurumları hara baxır? Dəfələrlə dövlət qurumlarına müraciət etsək də, bildiriblər ki, bizim Şaiq Həsənova gücümüz çatmır”.