
Artıq illərdir ki, “20 yanvar” dairəsində tıxaclar sürücüləri təngə gətirib.
Günü-gündən paytaxtda artan avtomobil sayı isə tıxacları daha da kəskinləşdirir.
Bəs bu tıxacların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
İndex.az məsələ ilə bağlı yol-nəqliyyat üzrə ekspert Yasin Mustafa ilə əlaqə saxladı.
Ekspertin sözlərinə görə, artıq adi vaxtlarda da “20 yanvar” dairəsində sıxlıq müşahidə olunur:
“”20 yanvar” dairəsi bizim yaralı yerimizdir. Orada ən başlıca problem hərəkətin düzgün təşkil olunmamasıdır. Şəhərə giriş-çıxış istiqamətləri daim açıq olmalıdır. Şəhərin giriş istiqamətlərində dairənin və ya işıqforun olması sıxlığa səbəb olur. Bakı yollarında avtomobillərin bu qədər çox olduğu bir vaxtda biz nə etsək də, sıxlığın qarşısını ala bilməyəcəyik. Körpüyə yeni qolun əlavə olunması, yolun genişlənməsi və s. kimi tədbirlər tıxacın azalmasında heç bir rol oynamayacaq”.
Yasin Mustafa bildirdi ki, tıxacların aradan qaldırılması üçün ən optimal variant ictimai nəqliyyatın sayını artırmaqdır:
“Biz insanlarda inam yaratmalıyıq ki, ictimai nəqliyyatdan istifadə fərdi avtomobilə nəzərən daha əlverişlidir. Bu inamı yaratmaq üçün isə saxlam ictimai nəqliyyat sistemi yaradılmalıdır. Yalnız bu tədbirlərdən sonra hərəkətin təşkilində də müəyyən dəyişikliklər etmək olar. Artıq bununla bağlı dövlət səviyyəsində bir sıra planlar hazırlanıb. Yəqin ki, qısa müddət ərzində bununla bağlı açıqlamalar olacaq. Tıxaclardan qurtulmağın yeganə yolu kompleks tədbirlərin görülməsidir”.