Depolarda maska və dərmanların tədarükünə başlanılıb – EKSKLÜZİV

Dünyada, eləcə də Azərbaycanda koronavirusa yoluxma hallarının sayı artır.

Sosial şəbəkələrdə və cəmiyyətdə karantin qaydalarının sərtləşdirilməsi və maska rejiminin yenidən tətbiq olunması barədə söhbətlər gəzir.

İndex.az-a daxil olan məlumata görə, ölkənin ən iri dərman depolarında xeyli sayda koronavirus əleyhinə tibbi ləvazimatların və dərman pteparatlarının tədarükünə başlanılıb.

Mənbənin verdiyi məlumata əsasən, bu addımın atılması yoluxma hallarının artması ilə bağlıdır.

“Karantin rejimi payızda sərtləşə bilər. Böyük ehtimalla, maska rejiminə geri dönəcəyik”, – deyə həmsöhhətimiz qeyd edib.

Məlumatı dəqiqləşdirmək üçün Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudovla əlaqə saxladıq.

Millət vəkili İndex.az-a bildirdi ki, payızda nələrin ola biləcəyini indidən bilmək çətindir:

“İndiki vəziyyət və gedişat onu göstərir ki, ən azından məsafənin qoruna bilinmədiyi ictimai nəqliyyatda maska istifadəsi gündəmə gəlməlidir. Hələlik bunun xaricində əlavə tədbirə ehtiyac yoxdur”.

R.Mahmudov sərt karantin rejiminin yenidən qayıtması ehtimalı ilə bağlı sualımızı belə cavablandırdı:

“Nə ölkəmiz, nə də dünya üçün yenidən sərt karantin rejiminin olacağına ehtimal vermirəm. Ən ağır vəziyyətdə maskanın istifadəsi genişlənə bilər”.

Deputat redaksiyamıza daxil olmuş məlumatı da təsdiqlədi:

“Bəli. Dövlətimiz həm koronavirusla bağlı, həm də ola biləcək başqa təhlükələrdən ötrü artıqlaması ilə dərman tədarükü edib”.