Fazil Mustafa: “Kadrların 80%-i qabiliyyətsizdir”

“Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə kölgə iqtisadiyyatı və narahat edən məsələlər var. Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar”.

Bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib.

Bəs kölgə iqtisadiyyatını aradan qaldırmağın ən yaxşı yolu hansıdır və etimadı doğrultmayan kadrlar kimlərdir?

Məsələ ilə bağlı deputat Fazil Mustafa ilə əlaqə saxladıq.

Millət vəkili İndex.az-a bildirdi ki, bu məsələdə kadrlar önəmli rol oynayır:

“Ümumiyyətlə dövlətin yükünü azaltmadıqca, kölgə iqtisadiyyatından qurtulmaq mümkün deyil. Bizdə də dövlətin yükü hədsiz çoxdur. Mərkəzləşmiş qaydada idarəetmə kifayət qədərdir. Bu da iqtisadiyyatın inkişafına böyük əngəldir. Özəl sektora vurulan zərbələr kölgə iqtisadiyyatının inkişafına kömək olur. Öncə bu məsələni həll etmək lazımdır. Çünki sistem doğru işləməyəndə kadrlar da bir şey etmək iqtidarında olmur. Mən konkret etimad doğrultmayan kadrların adını çəkə bilmərəm. Cənab Prezidentin hansı kadra hansı tapşırığı verdiyini bilmirəm. Amma onu deyə bilərəm ki, hal-hazırda kadırlarımızın 80%-i qabiliyyətsizdir. Axtarsanız içlərindən 20% yaxşı kadr tapa bilərsiniz”.