Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və yaxud 1,7% artaraq 1 706 min nəfər olub.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,5%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,5%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% artaraq 825,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.