Gürcüstan azərbaycanlı turistlərdən 39 milyon dollar gəlir götürüb

Bu ilin I yarısında Azərbaycandan olan ziyarətçilər Gürcüstana 39 milyon ABŞ dolları gəlir qazandırıb.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

Sənədə əsasən, qonşu ölkə hesabat dövründə Azərbaycandan 66 398 nəfər ziyarətçi qəbul edib ki, bir ziyarətçinin orta xərcləri 592 ABŞ dollarına bərabər olub.

Yanvar-iyunda Gürcüstan beynəlxalq ziyarətçilərdən ümumilikdə 1,14 milyard ABŞ dolları gəlir əldə edib. Ən yüksək gəlir 302 milyon ABŞ dolları olmaqla iyun ayının payına düşüb.

Gürcüstana ən çox gəlir qazandıran ziyarətçilər Rusiya (219 milyon ABŞ dolları), Belarus (123 milyon ABŞ dolları), Avropa İttifaqı ölkələri (121 milyon ABŞ dolları), Türkiyə (109 milyon ABŞ dolları) və Ukraynadan (108 milyon ABŞ dolları) olub.