Ölkədə fəaliyyət göstərən banklar vətəndaşlara növbəti qadağanı tətbiq etməyə başlayıb.
Adının çəkilməsini istəməyən Bakı sakini İndex.az-a bildirib ki, dünyaca məşhur airbnb.com platforması üzərindən evini turistlərə kirayə verir, lakin köçürülən pulu bankdan çıxara bilmir:
“Turist vəsaiti sayta köçürür. Airbnb isə pulu bizə “Western Union” ilə göndərir. İllərdir bu qaydada işləmişik. Lakin son vaxtlar banklar deyir ki, Airbnb ilə olan müqaviləni göstərin, sonra pulu verək. Müqavilə isə yoxdur. İndiyədək heç bir müqavilə olmadan pulumuzu götürürdük. Əgər qanunvericiliyə dəyişiklik olunubsa, o qanunu göstərsinlər. Bu kimin təlimatıdır? Dövlət Vergi Xidmətinin? Mərkəzi Bankın? Biz əlavə komissiya və ya vergi ödəməyə də hazırıq, amma bank sırf müqavilə tələb edir”.
Məsələ ilə bağlı İndex.az-ın əməkdaşları bir neçə bankla əlaqə saxladı. Banklardan bildirdilər ki, xarici saytlar vasitəsi ilə ev kirayə verildikdə kirayə verən tərəf dövlətə vergi ödəməlidir.
Düzdür, banklar hər hansı qanuna istinad edə bilməsələr də, bildirdilər ki, bank vətəndaşın vergidən yayınmasına dəstək ola bilməz.
Bankların əməkdaşları əlavə etdilər ki, bu halda vətəndaş VÖEN-ə bağlı hesab açaraq, vəsaitin o hesaba köçürülməsini təmin etməlidir.
Hüquqşunas Əkrəm Həsənov isə İndex.az-a bildirdi ki, banklar çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliyə istinad etməlidir:
“Həmin qanuna görə bankın ixtiyarı var ki, əlavə sənədlər tələb etsin və göndərilmiş pulun mənşəyini, mənbəyini müştəridən dəqiqləşdirsin. Lakin son nəticədə pulu verməmək haqqı yoxdur. Pul müştəriyə gəlibsə, verilməlidir. Əgər bankın hər hansısa şübhəsi varsa, bank Dövlət Vergi Xidmətinin nəzdində Maliyyə Monitorinqi Xidmətinə müraciət edə bilər. Pulun bank tərəfindən saxlanılma səbəbi kimi bu göstərilə bilər ki, kirayə verən şəxs dövlətə buna görə vergi ödəməsin. Amma hər bir halda bank vətəndaşa gəlmiş pul onun özünə verilməli və hansısa şübhəli hal varsa, aidiyyatı qurumlara müraciət etməlidir”.