“Konnekt” QSC barəsində Nərimanov Rayon Məhkəməsində baxılan inzibati iş üzrə icraata xitam verilib.
İndex.az xəbər verir ki, bir müddət öncə Mərkəzi Bank tərəfindən şirkətə qarşı tərtib olunmuş protokol üzrə müddəa təsdiqini tapmayıb. Məhkəmə işdə inzibati xəta tərkibi olmadığı qənaətinə gəlib və 24 iyun 2022-ci il tarixli qərara əsasən, “Konnekt” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə başladılmış icraata xitam verilib. Mövcud gömrük bəyannamələri və aidiyyatı üzrə sənədlər qaydasında olduğundan proses “Konnekt”in xeyrinə nəticələnib.
Xatırladaq ki, protokola əsasən, “Konnekt” şirkəti hər hansı idxal həyata keçirmədiyi halda ölkə xaricinə valyuta çıxarmaqda təqsirli bilinirdi. Məhkəmə araşdırması zamanı məlum olub ki, köçürülmüş məbləğin qarışılığı olan mallar tam şəkildə ölkəyə idxal edilib.
Qeyd edək ki, “Konnekt” 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Əsasən, internet, televiziya, ağıllı ev və alternativ enerji sahələrindəki fəaliyyəti ilə tanınır.
Mənbə – Qafqazinfo