Dünən qazi polkovnik-leytenant Şahmurad Museyib oğlu Məmmədovun Sumqayıtda məhkəmə qərarına etiraz edərkən ürəyinin partlaması səbəbindən dünyasını dəyişməsi barədə xəbərlər yayıldı.
İddialara əsasən, məhkəmə və bank 5 uşaq atasının pensiyasının tamamını borca yönəldib, kartını bloklayıb.
Məsələ ilə bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu ilə əlaqə saxladıq.
R.Kərimoğlu “İndex.az”-a bildirdi ki, Ədliyyə Nazirliyindən aldığımız məlumata görə, Şahmurad Məmmədovun kartına blok qoyulmayıb:
“Nazirlikdən bildirdilər ki, qazi polkovnik-leytenant Şahmurad Müseyib oğlu Məmmədov hərbidən pensiyaya çıxıb. Qərara əsasən, borc vətəndaşın 50 faiz pensiyasına yönəldilib. Məsələ ilə bağlı İcra idarəsinə də xüsusi məlumat verilib, kartına blok qoyulmayıb. Qeyd etdilər ki, həmin borclu şəxsin dəfələrlə əməliyyat olunmuş, infarkt keçirmiş biri olduğunu bilirlərmiş. İcra idarəsində ona qarşı hər hansısa kobud rəftar olunmayıb. Həkimin bildirdiyinə görə, o artıq icraya gələnə kimi halı pisləşibmiş”.
Şahmurad Məmmədovun həyat yoldaşı Kəmalə Məmmədova isə İndex.az-a bildirdi ki, həyat yoldaşının kartı bloklanıbmış:
“Kapital Bank”a borcu var idi. Cənab Prezidentin tapşırığı ilə 25 faiz tutulurdu. Kartındakı 100 manatı çıxartmağa getmişdi. *Gəlib dedi ki, kart bloklanıb, pulu çıxara bilmədim. Dövlət Sosial Müdafiə Fonduna getdi. Ordan deyiblər ki, bizlik bir şey yoxdur. Məhkəmə qərar verib. Sonra dedi ki, gedim Sumqayıta, görüm niyə bloklayıblar kartı? Evdəki sonuncu 5 manatı götürüb getdi. Orda nə olub, bilmirəm. Bircə onu bilirəm ki, ürəyini partladıblar*. Şəkillərini gördüm. Paltarının qolları cırılmışdı”.
Vəkil Babək Həziyev isə Index.az-a açıqlamasında bunu dedi:
“Qanunvericiliyə görə yalnız aliment məsələsində 50 faizdən artıq tutulmalara icazə var. Ancaq digər heç bir məsələ ilə bağlı qazanca 50 faizdən artıq borc yönləndirilə bilməz. Qanunla bank borcuna görə 50 faizdən artıq tutulma qadağandır*. Nə icra məmuru, nə məhkəmə o həcmi keçə bilməz. Bu məsələdə kartın bloklanması, qazancın 100 faizinin borca yönləndirilməsi absurddur”.