“PAŞA Bank”ın mənfəəti 10%-dən çox azalıb

Azərbaycanın ən böyük maliyyə təşkilatlarından olan «PAŞA Bank» qrupu 2021-ci ildə mənfəətinin azaldığını elan edib.

İndex.az xəbər verir ki, bu barədə bank rəhbərliyinin bu gün keçirlən mətbuat konfransında bildirilib. Bankın idarə heyətinin sədri Cavid Quliyev bildirib ki, «PAŞA Bank» qrupu 2021-ci ili 74 milyon 932 min manat xalis mənfəətlə başa vurub. Bu 2020-ci illə müqayisədə 10,8% azdır. Qeyd edək ki, maliyyə təşkilatı 2020-ci ili 83 milyon 968 min manat xalis mənfəətlə tamamlamışdı.

Xatırladaq ki, «PAŞA Bank» qrupuna 3 bank – «PAŞA Bank Azərbaycan», «PAŞA Bank Türkiyə» və «PAŞA Bank Gürcüstan» daxildir.

Bankın illik göstəricilərini açıqlayan idarə heyətinin sədri Cavid Quliyev bildirib ki, 2021-ci ildə Türkiyə lirəsinin devalvasiyası səbəbindən «PAŞA Bank Türkiyə»nin kapitalı 22,4 milyon manat dəyərsizləşib. Buna baxmayaraq «PAŞA Bank Türkiyə» 2021-ci ili 9 milyon 398 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, «PAŞA Bank Türkiyə» 2020-ci ildə də mənfəətlə çalışıb – 7 milyon 651 min manat.

«PAŞA Bank Gürcüstan» isə ardıcıl 2-ci ildir ki, zərərdən çıxa bilmir. 2021-ci ildə bankın xalis zərəri 2 milyon 124 min manat olub. Hərçənd 2020-ci illə müqayisədə bankın zərəri təqribən 5 dəfə azalıb – əvvəlki il zərər 10,75 milyon manat idi.

2021-ci ildə «PAŞA Bank Azərbaycan»ın cəmi aktivləri 2020-ci ilə nisbətən 16,5% artaraq 6 milyard 427 milyon manat olub. Bank menecerləri aktivlərin səmərəli istifadə olunduğuna diqqət çəkərək bildiriblər ki, bankda faiz qazandıran aktivlərin ümumi aktivlərdə payı 75,7%-dən 77,2%-ə yüksəlib.