“Azərbaycana ən böyük kibertəhdidi Rusiya və İran yaradır”

“Pirat proqram təminatları və əməliyyat sistemlərindən istifadə ən böyük kibertəhdidləri yaradan vasitələrdəndir. Ən çox da Rusiya və İran saytlarından yeklənən proqram təminatları belə təhdidləri yaradır”.

İndex.az xəbər verir ki, bunu “Fintex Sammit” Maliyyə və Texnologiya sərgisində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

T.Məmmədovun sözlərinə görə, bu ölkələrin saytlarından yeklənən proqram təminatı və əməliyyat sistemlərinin 80-90%-i zərərvericilərlə təmin edilib:

“Son zamanlar fişinq (Phishing) hücumlarının sayı artıb. Xüsusən də dövlət qurumlarının və daşıma şirkətlərinin adından saxta şəkildə hazırlanmış saytlarla qarşılaşırıq. Həmçinin sosial şəbəkələr, xəbər saytları, banklar üzərindən də fişinq hücumları artıb.

Həmçinin dövlət qurumları adından insanlara zəng edib onları aldadıb məlumatlarını ələ keçirirlər.

“Azstatnet” şəbəkəsi üzrə 193 milyondan çox zərərli keçid təhlükəsizlik divarları, 3 milyondan çox zərərli keçid mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə, 35 mindən çox hallarda hədəflənmiş zərərli fayl “Sandbox” sistemi vasitəsi ilə və 744-dən çox xüsusi indikator xüsusi hədəflənmiş kiberhücumların içərisindən çıxarılıb və dövlət qurumlarının təhlükəsizliyi təmin edilib”.