“Coca-Cola” Rusiyada satış və istehsalı dayandırdı

Qazlı içkilər istehsalçısı “Coca-Cola”-nın Rusiyadakı distribyutoru – “Coca-Cola Hellenic Bottle Company” (Coca-Cola HBC) ölkədə içkilərin istehsalını və satışını dayandırdığını elan edib.

Bu barədə “Reuters“ agentliyi şirkətin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, distribyutorun rusiyalı müştərilərinə tədarük olunmuş məhsullar artıq tükənmək üzrədir. Bundan sonra isə yeni tədarük və ya istehsal partiyası olmayacaq.

“Coca-Cola HBC” Rusiyada və digər ölkələrdə şirkətin brendlərinə məxsus içki fabriklərinin sahibidir.

Xatırladaq ki, martın əvvəlində “Coca-Cola” Rusiyadakı fəaliyyətinin dayandırıldığı barədə məlumat yaymışdır. Bununla belə, ölkədə məhsulun istehsalı və satışı davam etdirilirdi.