Azərbaycanda daşınmaz əmlak alqı-satqıları azalıb – SƏBƏBLƏR

Son dövrdə dünya iqtisadiyyatında evlərin, xüsusən də yeni tikili binalardakı mənzillərin satışının ciddi şəkildə azalması tendensiyası müşahidə edilir. Medianın məlumatlarına əsasən, Rusiyanın bəzi şəhərlərində son bir ayda satış şəhərlərdən asılı olaraq 45-95% azalıb.  Çinin 50 şəhərində isə satışlar ötən illə müqayisədə 63% aşağı düşüb.

Mütəxəssislər hesab edir ki, həm Çində, həm də Rusiyada əsas problem ipoteka faizlərinin yüksək olmasıdır. Digər tərəfdən, daşınmaz əmlakın qiyməti çinlilərin real gəlirləri ilə müqayisədə 5-10 dəfə sürətlə artıb. Pekin və Şanxay kimi şəhərlərdə adi mənzilin qiyməti orta gəlirli ailələrin 30-35% illik gəlirləri səviyyəsinə qədər yüksəlib.

Daşınmaz əmlak bazarındakı problemlər Azərbaycandan da yan keçməyib.  Evlərin satışının azalması ilə yanaşı, daha ciddi bir problem meydana çıxır. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda ən ucuz ipoteka kreditləri də, evlərin satışını artırmaq üçün kifayət deyil. Belə ki, artan qiymətlərin fonunda kreditləri ödəmək əhalinin əksər hissəsi üçün əlçatmaz görünür. Əhalinin gəlirləri qiymətlərlə müqayisədə olduqca aşağıdır. “MBA Group” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov da bu fikri təsdiq edib. İndex.az-a açıqlamasında mütəxəssis bildirib ki, MDB məkanı ilə müqayisədə Azərbaycanda ipoteka kreditləşməsi ilə bağlı göstəricilərin aşaği olmadığını deyib:

“Azərbaycanda ipoteka kredit faizləri təxminən 7-10% civarında, güzəştli ipoteka isə 3-4% arasında dəyişir. Bu rəqəmlər MDB məkanında ən yaxşı rəqəmlərdir. Amma daşınmaz əmlak alqı-satqılarında azalma mövcuddur. Eləcə də kredit ödənişlərində də müəyyən problemlər vardır. Bakı şəhərində ailələrin aylıq və ya illik büdcələri ilə mənzillərin orta qiymətini müqayisə edəndə bizdə təxminən 14 il təşkil edir. Yəni, orta səviyyədə yaşayan ailə 14 il öz büdcə gəlirləri ilə orta mənzil ala bilər. Bu yaxşı göstərici olmasa da MDB məkanında 4-cü yerdədir. Keçmiş sovet respublikaları arasında isə 7-ci yerdədir. Bu da pis göstərici deyil”.

Azərbaycanda  həm mənzil bazarında, həm də ümumilikdə daşınmaz əmlak bazarında zamanla qiymətlərin artdığını deyən N.İbrahimov əhalinin real gəlirlərində isə həmin inflayasiya səviyyəsində artım olmadığını bildirib. Ona görə də son vaxtlar əhalinin daşınmaz əmlak bazarına bir qədər ehtiyatlı yanaşdıqlarını vurğulayıb:

“İnsanlar əllərində olan real gəlirləri daha çox gündəlik tələbat mallarına, sağlamlıq xərclərinə yönəldirlər. Daşınmaz əmlak bazarı isə bir qədər arxa sıraya yönləndirilib.  Ona görə də bazarda alqı-satqıların sayının azalması və bu sahəyə marağın azalması daha qabarıq özünü göstərir”.

N.İbrahimov hesab edir ki, bu müvəqqəti vəziyyətdir. Çünki həm dünyada, həm də ətraf regionda son 1 ildə iqtisadi vəziyyət heç də yaxşı olmayıb:

“Xüsusən də bu ilin fevral ayından bu yana vəziyyət daha da pisləşib. Ona görə də insanlar iri investisiya yatırımlarına bir qədər ehtiyatlı yanaşırlar. Yəqin ki, bu vəziyyət bu ilin sonana qədər davam edər”.

N.İbrahimov 2024-cü ilin həm Azərbaycan üçün, həm də region ölkələri  üçün inkişaf dövrü olacağını proqnozlaşdırıb.