
“Əmlak Məsələləri Dövlət Xidməti bu gün qara günlərini yaşayır desəm, yanılmaram. Dövlət Xidmətinin Abşeron rayonundakı strukturundan başlanan və digər rayonlarda da davam etdirilən həbslər əslində xidmətin rəhbərliyində ciddi narahatlıq yaratmalıdır”.
İndex.az xəbər verir ki, bu fikri “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Xidmətin əməkdaşlarının həbsi ilə bağlı yayılan xəbərləri şərh edərkən səsləndirib. Bildirib ki, Abşeron rayonundakı əməliyyat əslində bir siqnal olmalı idi:
“Görünür, o siqnalı qulaqardına vurduqlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi daha sərt addım atmağa məcbur olub. Əslində bu həbslərin digər bir səbəbi cəmiyyətdə xidmət barəsində formalaşan mənfi imici, neqativi aradan qaldırmaqdır. Bələdiyyələrə daim narahatlıq və gərginlik yaradan orqanlar sırasında Əmlak Məsələləri Dövlət Xidmətinin birinci yeri tutması və bu “birinciliyi” əldən verməmək üçün var qüvvəsi ilə çalışması barədə dəfələrlə danışmışıq”.
V.Tofiqli qeyd edib ki, Xidmətdə aparılan “təmizləmə” işləri cəmiyyətdə bu qurum barəsində yaranmış ümumi neqativi aradan qaldırmayacaq. Onun fikrincə Xidmətin yaratdığı problemlər həqiqətən çoxdur və onların əksəriyyətinin qurumun məsul şəxsləri süni şəkildə yaradıb:
“Bu gün Xidmətin bir qurumunda olan xəritənin digər qurumundakı ilə üst-üstə düşməməsi, 20 ərzində bələdiyyələrə xəritələrin verilməsində məqsədli şəkildə ləngidilmələr, hazırlanan elektron xəritələrdəki saysız-hesabsız ciddi problemlərin olması, bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilməsinin bu günədək başa çatdırılmaması, bələdiyyə və vətəndaşların ödədiyi rüsümların həcminin son illərdə dəfələrlə artırılmasına nail olunması nəticə etibarıyla həm bələdiyyələri narazı salır, həm də vətəndaş məmnunluğunu təmin etmir. Və ən əsası əhalidə kütləvi narazılıq yaradır”.
V.Tofiqli bələdiyyələrin əmlakla bağlı qarşılaşdıqları problemləri xatırladıb. Bunların Əmlak Məsələləri Dövlət xidmətinin “xidməti” olduğunu vurğulayıb:
“Bakı şəhəri, Təbriz küçəsi 10 ünvanındakı Nərimanov bələdiyyəsinin 20 ilə yaxın bir müddət ərzində fəaliyyət göstərdiyi binaya söküntüdən sonra çıxarış verilib. Buna nə ad verilə bilər? Bu hadisə Xidmətin tarixində qara ləkə olmaqla, yəqin ki, yeganə hadisə deyil. Necə “böyük ürək” sahibi olmalısan ki, sökütüsü həyata keçirilmiş dövlət əmlakını özəlləşdirməyə çıxarasan və qiymətindən ücuz qiymətə satasan. Məhkəmə prosesindən məhkəmə hakiminin də ümumiyyətlə bu posesin üstünə gəlməməsi bir çox ciddi mətləblərdən xəbər verdiyini ehtimal etmək olar”.
V.Tofiqli Xidmətin əməkdaşlarının problem yaratdığı digər bir həssas məqamın şəhid və qazi ailələrinə verilən torpaqların sənədləşdirilməsində yaranan süni çətinliklər olduğunu deyib.
“Normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq bələdiyyələr bir dəfə olmaqla şəhid və qazi ailələrinə torpaq sahəsini ayıra bilər. Və bələdiyyə tərəfindən ayrılan torpaq sahəsi bu qrupdan olan ailələrə pulsuz, təmənnasız verilir. Ancaq bələdiyyə pulsuz verdiyi torpağı satarkən onu birinci növbədə özü tanıtdırmalıdır. Əslində, bu prosesin özü lazımsız bir addım hesab edilməlidir. Çünki bələdiyyənin balansında olan torpaq hansı səbəbdən ikinci dəfə tanıdılmalı və satışa çıxarılan torpaq sahəsinə ayrıca çıxarış alınmalıdır. Bu, bürokratiyadan, süründürməçilikdən basqa bir şey deyil. Nəticədə şəhid və qazi ailəsi üçün satışa çıxarılan torpaq sahəsinin sənədləşdirilməsinə bələdiyyə kifayət qədər əlavə maliyyə vəsaiti xərcləmiş olur. Əgər bələdiyyə şəhid və qazilərə təmənnasız olaraq torpaq sahəsi ayırırsa niyə Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinin sənədləşdirilməsində güzəştə getmir və rüsümü tam alır? Bələdiyyə şəhid və qazilərə güzəştə getdyi halda Dövlət Xidməti manatından keçmir”.
V.Tofiqli səslənən problemlərə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində hüquqi qiymət veriləcəyinə inamını ifadə edib.