BƏƏ-nin Azərbaycandakı səfiri Autizm Mərkəzində olub – FOTO

Bu gün “Air Arabia” şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyi “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət edib.

İndex.az xəbər verir ki, tədbirdə BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi və “Air Arabia”nın Ərazi üzrə Meneceri Nuket Angin və Azərbaycan üzrə təmsilçisi Gülnar Rzazadə iştirak edib.

Qonaqları mərkəzin rəhbəri Aytən Eynalova qarşılayıb və mərkəzlə yaxından tanış edib. Autizmli uşaqların şəxsi inkişafları və onların gələcək karyeralarına hazırlaşması üçün keçirilən dərslər, təlimlər barədə ətraflı məlumat verilmiş, mərkəzin bütün otaqlarında gəzinti həyata keçirilib. Mərkəzin rəhbəri Aytən Eynalova hər bir uşağa individual yanaşma olduğunu bildirib, hər bir uşağın ehtiyacları çərçivəsində proqram müəyyənləndiyini və bu proqram əsasında inkişaf yolu hazırlandığını bildirib.

Eyni zamanda Mərkəzin nəzdində fəaliyyət göstərən “Kashalata” kafe haqda məlumatlar verilib. Davamında kafedə çay süfrəsi təşkil olunmuş, şirniyyatlar və çaylar autizmli uşaqlar tərəfindən servis edilib.

Ziyarət zamanı autizmli uşaqlarla birgə fincan boyama fəaliyyəti həyata keçirilib, daha sonra Səfirlik və “Air Arabia” tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Aprel ayı Autizm Maarifləndirmə Ayı kimi qeyd olunur və bu Mərkəzə həyata keçirilən bu ziyarət də də cəmiyyətin inkluziv üzvlərinə dəstək məqsədi daşıyan sosial təşəbbüslərdən biridir.