Azərbaycanda kommersiya qurumlarının sayı 8%-dən çox artıb

Bu ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 614 min 737 vergi ödəyicisinin 87 %-i fiziki şəxslər, 13 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5%, o cümlədən fiziki şəxslərin sayı 4,6%, hüquqi şəxslərin sayı 7,6% artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyət, 1,1%-i kooperativ və s. formalarda yaradılıb.

Aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artaraq 193 min 780 vahid təşkil edib.

Bu ilin yanvar-mart aylarında 3 min 479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89%-i yerli investisiyalı, 11%-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 86%-i  elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97% təşkil edib.