“Azəraqrartikinti”nin gəlirləri 6 dəfəyə yaxın azalıb

“Azəraqrartikinti” ASC 2021-ci ili 2 milyon manat xalis mənfəət ilə başa vurub. ASC 2020-ci ili 14 milyon 631 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azəraqrartikinti”nin xalis mənfəəti 7,3 dəfə azalıb. Xalis mənfəətin azalması gəlirlərin kəskin azalmasından qaynaqlanır.

İndex.az “Azəraqrartikinti” ASC-nin 31 dekabr 2021-ci il tarixinə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 5,8 dəfə azalaraq 31 milyon 110 min manat təşkil edib. “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 2020-ci ildə 179 milyon 220 min manat, 2019-cu ildə isə 225 milyon 121 min manat təşkil etmişdi. Beləliklə, ardıcıl 3 ildir şirkətin gəlirləri azalır.

31 Dekabr 2021-ci il tarixində “Azəraqrartikinti” ASC 55 milyon 355 min manat cəmi aktivlərə malik olub. ASC 2020-ci ilin sonunda 50 milyon 857 min manat cəmi aktivlərə malik idi.