Sahibkarlar dövlət zəmanəti ilə 550 milyon manata yaxın güzəştli kredit alıb

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanına ilə ölkədə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb.

İndex.az xəbər verir ki, Fərmana əsasən, kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

31 dekabr 2024-cü il tarixinə Fondun təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara 549,5 milyon manat məbləğində kreditlərin verilməsi təmin olunub. Ötən il ərzində müvəkkil banklar tərəfindən 118,6 milyon manat həcmində kredit verilib.

Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 47,4 milyon manat məbləğində subsidiya verilib.

Zəmanət verilmiş kreditlər üzrə banklar tərəfindən müəyyənləşən orta faiz dərəcəsi 14.4% olduğu halda, subsidiya hesabına borcalanlar tərəfindən 6.2% həcmində faiz ödənilib.

Zəmanət verilmiş kreditlər əsasən iqtisadiyyatın turizm və ictimai iaşə, ticarət, tikinti və kənd təsərrüfatı, sənayə sektorlarına, eləcə də sənaye məhsullarının istehsalı və emalı, qida sənayesi məhsullarının, habelə maşın və avadanlığın istehsalına yönəldilib.

Verilən kreditlər hesabına maliyyələşən biznes layihələri çərçivəsində 6,5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub.