SOCAR-ın “Yaşıl” istiqrazları sərfəli deyil – EKSPERT

Bu gündən etibarən SOCAR-ın bərpaolunan enerji layihələrini dəstəkləmək məqsədilə buraxdığı yeni “Yaşıl” istiqrazlarına abunə yazılışı başlayıb.

Nominal dəyəri 1 000 dollar olan SOCAR istiqrazları sahiblərinə 6% illik gəlir qazandıracaq. Bu rəqəmləri manatla ifadə etsək, 1 700 manata əldə etdiyimiz istiqrazın bizə il ərzində 102 manat gəlir gətirdiyini görə bilərik.

Bəs bu qazanc bank depozitləri ilə müqayisədə nə qədər sərfəlidir?

Index.az məsələ ilə bağlı ekspert Əkrəm Hüseynov ilə əlaqə saxlayıb.

Ekspertin sözlərinə görə, milli valyuta üzrə bank əmanətlərinin faizləri SOCAR-ın “Yaşıl” istiqrazlarına nəzərən daha sərfəlidir:

“Banklara milli valyuta üzrə depozit qoyuluşu SOCAR-ın “Yaşıl” istiqrazlarına nəzərən daha gəlirlidir. Lakin manatla qoyulmuş depozitlərdə devalvasiya təhlükəsi var. Əgər əmanətçi devalvasiyadan çəkinmirsə bu zaman milli valyutada banklara depozit qoyaraq daha çox gəlir əldə edə bilər. Bununla yanaşı, bankda vətəndaşın 100 min manata qədər əmanətinin sığortası olur. SOCAR-ın “Yaşıl” istiqrazının isə heç bir sığortası yoxdur. Əgər SOCAR fəaliyyətini dayandırsa və ya müflis olsa, həmin istiqrazların bir mahiyyəti qalmayacaq. Yəni burada heç bir dövlət təminatı yoxdur”.

Qeyd edək ki, son bir ildə depozit faizlərində ciddi artım müşahidə edilir. Əvvəllər banklarda 3-4% ilə təklif edilən manat əmanətləri üzrə faizlər hazırda 10-12% intervalında dəyişir.