“AL Market”lərin fəaliyyətinin dayandırılmasının səbəbi açıqlandı

“Azərbaycanın 1000-ə yaxın endirim konseptli yeganə mağazalar şəbəkəsi olan “AL Market”lər daima xidmət keyfiyyətini yaxşılaşdırmaq və müştərilərinə daha ekonom qiymətə məhsullar təqdim etmək üçün çalışır”.

Bunu İndex.az-a açıqlamasında “Al Market”lər şəbəkəsinin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova deyib.

“Hazırda “AL Market” mağazalar şəbəkəsi yenilənir və bunun üçün ya mövcudda fəaliyyətini davam etdirən mağazalar 2-4 günlük bağlanıb yenilənir, və ya bəzi mağazalarımız daha yaxşı ünvanlara köçrülür. Xidmət sahəmizi genişləndirməyə davam edirik. Son iki ayda 10 yeni filialımız açılıb və il sonuna qədər 200 yeni mağazanın açlışı planlanır”, – deyə şirkət rəsmisi bildirib.

 

***

Bakı şəhərinin bir neçə nöqtəsində yerləşən “AL Market” mağazalar şəbəkəsi fəaliyyətini dayandırıb.

Bu barədə Index.az-a oxucular məlumat verib.

Bildirilib ki, eyni şəbəkəyə aid olan bir neçə market eyni vaxtda “təmirə bağlanırıq” deyərək, xidmət göstərmir.

Index.az əməkdaşları da bir neçə “AL Market”də olub və deyilənlərin həqiqət olduğu ilə üzləşib.

Bir neçə marketdə əməkdaşlarımıza bildirilib ki, “təmir səbəbindən bir müddət fəaliyyət göstərilməyəcək”. Bununla yanaşı, mağazalara artıq məhsullar da gətirilmir.

Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan“Azərsun Holdinq” MMC-yə daxil olan “AL Market”lərin Bakı və bölgələrdəki sayı 900-dən çoxdur.