İnternet əsrinin insanları illərdir internetsiz qalıb

İnternet təminatının aktual olduğu dövrdə Azərbaycanın bir sıra yaşayış məntəqələrində hələ də onu tapmaq mümkün deyil. Xüsusilə, pandemiya dövründə bir çox xidmətlərin onlayn formata keçməsinə baxmayaraq kəndlər, orada yaşayan  sakinlər bunlardan məhrum qalıblar. Onlardan biri də  Yardımlı rayonunun Allar kəndidir.

Kənd sakini Şəmistan Yusif oğlu Kəlbili İndex.az-a müraciət edərək internetə həsrət qaldıqlarını bildirib. İranla sərhəddə yerləşəm kənddə 2837 nəfərin yaşadığını deyib. Lakin illərdi mobil internetin belə əlçatmaz olduğunu vurğulayıb:

“Bizim yaşadığımız ərazidə Wi Fi və mobil internet yoxdur. Sadəcə “Azercell” abunəçilərinin telefonunda mobil internetin işarəsi görünür, 2G göstərir. Ancaq onu da ala bilmirik. 2016-ci ildən bəri bütün aidiyyatı dövlət orqanlarına və mobil operatorlara müraciət etmişik, lakin hamısı nəticəsiz qalıb. Bizə sadəcə gələcəkdə, önümüzdəki günlərin birində internet xətləri çəkəcəklərini deyiblər, amma hələ də heç nə yoxdu. Artıq 2022-ci ildir, internet əsrində internetsizlik qalmaq nə deməkdir? . Dunya artiq 5G istifadə edir. Bizdə isə 3G belə yoxdur”.

Məsələnin araşdırılmasını istəyən Ş.Kəlbili İranla sərhəddə yerləşən kənddə daha açınacaqlı halların yaşandığını qeyd edib: “Bəzən “Nar” nömrələrə SMS gəlir ki, “İran İslam Respublikasina xoş gəlmisiz”. Bu acınacaqlı haldır. Xahiş edirik bizim problemlərimizə aydınlıq gətirilsin, həll olunsun”.

Vətəndaşın qaldırdığı problemlər bağlı soğrumuzu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC-yə ünvanladıq. Qurumun mətbuat xidmətinin Yardımlı rayonunun Allar kənd sakinindən daxil olan suallara cavabı çox qısa olub:

“Optik kabel çəkilib, sonlanma işləri tamamlanıb. Mütəxəssislər ezam olunub aktivləşdirməlidirlər. Gələn həftə həll edilməlidir”.

Sakinlər növbəti dəfə təxminən eyni cavabı eşidir. Ümid edək ki, bu dəfə kənddə internet xidməti həqiqətən aktivləşdiriləcək.