“Qiymətli metallara yatırım etmək təhlükəsiz və gəlirli seçim kimi özünü doğruldur”.
Bu sözləri İndex.az-a müsahibəsində Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov söyləyib:
“Son illərin təcrübəsi göstərir ki, qiymətli metallara yatırım etmək təhlükəsiz və gəlirli seçim kimi özünü doğruldur. Xüsusilə qızıl və gümüş bu sahədə diqqətəlayiq alternativlərdir. Ənənəvi olaraq, qızıl sabit və etibarlı investisiya aktivlərindən biri kimi tanınır. Bununla yanaşı, son dövrlərdə gümüşün də investisiya potensialı əhəmiyyətli dərəcədə artmışdır. Cari ildə gümüş qiymətləri 25-30% arasında artım göstərmişdir ki, bu da onun cəlbediciliyini artırır”.
Rövşən Əmircanovun sözlərinə görə, qiymətli metallar növbəti ildə də artmağa davam edəcək:
“Dünya Bankının proqnozlarına görə, 2025-ci ildə gümüşün qiymətlərində əlavə olaraq 7-8% artım gözlənilir. Gümüşün sənaye və maliyyə sektorlarında geniş tətbiqi nəzərə alınarsa, bu artım daha yüksək ola bilər. Digər tərəfdən, platin və palladium kimi metalların bazarında müəyyən zəifləmə müşahidə edilir. Bu, əsasən Çindəki iqtisadi yavaşlama ilə bağlıdır. Bununla belə, avtomobil sənayesində bu metalların geniş istifadəsi uzunmüddətli perspektivdə qiymətlərin yenidən yüksələ biləcəyinə işarə edir. Mövcud şəraitdə həm qızıl, həm də gümüşə yatırım etmək məqsədəuyğun hesab olunur”.
Rövşən Əmircanovun İndex.az-a olan geniş müsahibəsini buradan oxuya bilərsiniz.