Osimhen transferində korrupsiya araşdırması: İki ofisə basqın edildi

Mövsümün əvvəlində icarə əsasında “Qalatasaray”a transfer olunan və qısa müddətdə vurduğu qollarla komandanın önəmli adlarından birinə çevrilən Osimhen haqqında iddia irəli sürülüb.

İndex.az xəbər verir ki, futbolçunun keçmiş transferi ilə bağlı araşdırma açılıb.

Mövsümün əvvəlində “Napoli”dən “Qalatasaray”a transfer olunan Viktor Osimhen göstərdiyi performansla sarı-qırmızılı azarkeşlərin könlünü fəth edib. “Qalatasaray” nigeriyalı ulduzun transfer haqqını əldə etmək üçün çalışarkən, Osimhenin “Lill”dən “Napoli”yə transferində mümkün korrupsiya ilə bağlı İtaliya və Fransada araşdırma açıldığı üzə çıxıb.

2020-ci ilin yayında bəzi oyunçuların alqı-satqısı ilə əlaqəli olduğu iddia edilən qeyri-qanuni davranışlarla bağlı  sənədləri toplamaq üçün “Napoli”nin Castel Volturno və Romadakı ofislərində axtarışlar aparılıb.

Osimheni “Napoli”yə satan “Lill”in yeni prezidenti Olivier Letang mövzu ilə bağlı “L’Equipe” nəşrinə xüsusi açıqlamalar verib.

“Osimhenin satışından əldə edilən xalis gəlir 68 milyon deyildi, çünki unutmaq lazım deyil ki, 20 milyona gələn dörd oyunçu var idi, yəni dəyər faktiki olaraq sıfır idi. Bu səbəblə bütün vasitəçilərin ödənişləri, sərmayə qazancları, komissiyalar daxil əməliyyat balansını təsbit etsək, təxminən 7 milyon klub kassasına girdi”, – Letang deyib.