“Qıtlıq olmayacaq, ancaq bahalaşma qaçılmazdır” – PROQNOZ

Muharibə fonunda Rusiya, Ukraynanın, eləcə də Qazaxstanın taxıl ixracına məhdudiyyət qoyması dünya bazarında bu məhsulun bahalaşmasına səbəb olub. Bunun ardınca isə Hindistan da taxıl ixracına qadağa qoyub. Məqsəd məhsulu baha satmaqdır. Hindistanın Ticarət və Sənaye Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, belə bir qərar dünyada buğda qiymətlərinin qəfil artması fonunda daxili qiymətlərin artımına nəzarət tədbirləri üçün qəbul edilib.

Xatırladaq ki, bu ölkənin ildə 100 milyon tondan artıq buğda istehsal etmək potensialı var və  təlabat yarandığı üçün bu il daha da çox buğda əkib. Ancaq bazarın indiki durumundan maksimum qazanclı çıxmağı düşünür. Bəs bütün bunların Azərbaycana təsirləri necə olacaq?

İndex.az-ın sualına cavab verən iqtisadçı Xalid Kərimli hazırda taxıl ixracında ciddi problemin olduğunu deyib. Taxıl bazarında baş verən proseslərin acı təsirlərinin artıq Azərbaycanda da hiss olunduğunu bildirib:

“Hökumət 2020-ci ilin əvvəllərindən taxıl idxalına görə ƏDV-ni ləğv etdi. Yəni, taxıl idxalına görə, bütün vergi və rüsumlar ləğv olunub. Başqa sözlə, əhaliyə ziyan vurulmasın deyə gəlirlərindən məhrum olundu. 2021-ci ilin sonuna qədər isə qiymətlərin qalxmaması üçün un məhsulları istehsalçılarına subsidiya verdi. Ancaq bu il qiymət artımının qarşısını almağın mümkün olmadığı məlum oldu. Hökumət bunun daha çox xəcr tələb edəcəyini anladı. Bu səbəbdən  subsidiyanı dayandırdı, ancaq vergi güzəştlərini qüvvədə saxladı. Eyni zamanda qiymət artımlarına nəzarət etməyə başladı. Biz bunu çörəyin və un məhsullarının qiymətinin artımında hiss etdik. İlin əvvəlindən bu sektorda 30% qiymət artımı baş verib. İndi isə Rusiya-Ukrayna müharibəsinin neqativ təsirlərini hiss edirik”.

Qeyd edək ki, Ümumdünya Ərzaq Təşkilatı bu il dünyaya taxil istehsalının artacağını proqnozlaşdırıb. Buna baxmayaraq, X.Kərimli regionda gərginliyin bir müddət davam edəcəyini deyib:

“Məsələ ondadır ki, bizim taxılı idxal etdiyimiz regionlarda problemlər mövcuddur. Bu da bizə təsir göstərəcək. Yaxın vaxtlar bizim Ukraynadan mal almağımız mümkün olmayacaq. Fevral ayından daşımalar azalıb. Rusiya isə ixraca məhdudiyyətlər tətbiq etməyə qərar verib, ancaq tam dayandırmayıb. Düşünürəm ki, taxıl bazarında qıtlıq olmayacaq, ancaq bahalaşma mümkündür. Yəqin ki, biz də yaxın vaxtlarda onu hiss edəcəyik”.

X.Kazmlı hesab edir ki, vəziyyətin dəyişməsi Rusiya-Ukrayna konfliktinin miqyasından və onun davamlılığından  asılıdır: “Tutaq ki, müharibə yaxın günlərdə bitsə və Ukrayna payız əkininə start versə, vəziyyət bir qədər dəyişə bilər. Çünki bu ölkə dünya bazarında, xüsusən Afrikaya, Qafqaz regionuna əsas taxıl ixracatçısı idi. Dünya taxıl ixracının 8%-ni təmin edirdi. Bu çox əhəmiyyətli rəqəmdir. Nəzərə alaq ki, 8%-ə Azərbaycan da daxil idi.  Qiymət artımı, Ukraynanın əvəzlənməsi, Rusiyanın bilərəkdən, bilməyərəkdən məqsədli şəkildə qiyməti qaldırması, tələbatı artırması nəticədə taxıl qiymətlərinin artımıma gətirib çıxarır”.

Bu prosesin davam edəcəyini proqnozlaşdıran X.Kərimli dövlətin nəzarət etməsinə baxmayaraq, Azərbaycanda da dənli bitkilərin qiymətinin bahalaşacağını deyib. Bu sahədə qıtlıq olmasa da, qiymət aşağı düşməyəcəyini, bahalaşma təzyiqinin olacağını qeyd edib.