Təyyarəyə sızdı: Tualetdə gizlənərək 7 saat uçdu

“Delta Hava Yolları”na məxsus Nyu-Yorkdan Parisə uçan təyyarədə qadın tualetdə gizlənərək 7 saat pulsuz uçmağı bacarıb.

İndex.az xəbər verir ki, şəxsiyyəti açıqlanmayan qadın Nyu-Yorkdakı Con Kennedi hava limanında iki təhlükəsizlik məntəqəsindən keçərək təyyarəyə minsə də, onun minmə vəsiqəsi olmayıb.

Qadın uçuş zamanı davamlı olaraq dörd fərqli tualet arasında irəli-geri getməsi ilə diqqət çəkib. Sərnişinlər əvvəlcə onun xəstə olduğunu düşündüklərini desələr də, kabin heyəti şübhələnərək vəziyyəti araşdırmağa başlayıb. Komanda qadının təyyarədə qeydiyyatda olan 375 sərnişindən biri olmadığını və minmə talonunu göstərə bilməyəcəyini müəyyən edib.

Təyyarə 7 saatlıq yoldan sonra Paris Şarl de Qoll hava limanına enən zaman qaçaq yolçu qadın Fransa polisi tərəfindən təyyarədən çıxarılıb. Təyyarədəki sərnişinlərdən Rob Cekson CNN-ə bildirib ki, onlar vəziyyəti ancaq təyyarə qapıya yaxınlaşanda öyrəniblər.

Hadisədən sonra verdiyi açıqlamada “Delta Hava Yolları” təhlükəsizliyin böyük əhəmiyyət daşıdığını bildirib və hərtərəfli araşdırmaya başlanıldığını açıqlayıb. Səlahiyyətlilər qadının təyyarədə oturmağa yeri olmadığını və tualetdə gizlənərək səyahət etdiyini təsdiqləyib.

ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) qadının təhlükəsizlik yoxlamasından keçdiyini və heç bir qadağan olunmuş əşya daşımadığını bildirib. Lakin onun şəxsiyyət vəsiqəsinin yoxlanılması və minmə statusu yoxlamalarından necə keçdiyi barədə ətraflı məlumat paylaşılmayıb.

Hadisə hava limanlarında və hava yollarında təhlükəsizlik protokollarını şübhə altına alıb.