Bakı metropoliteni noyabrın 28-də Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən “Qarabağ” Futbol Klubunun oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.
İndex.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında və Bakı metropoliteninin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, stansiyaların iş rejimi 1 saat uzadılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlanacaq qarşılaşmanın gecə saatlarında yekunlaşacağı nəzərə alınaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında axşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Oyun ərəfəsində stansiyada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək. Sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.
Azarkeşlərin mənzil başına rahat çatdırılması və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq.
Qatarların hərəkəti oyun yekunlaşdıqdan sonra xüsusi qaydada tənzimlənəcək.