Çin elm dünyasında daha bir böyük addım ataraq dünyanın ən güclü süni cazibə qüvvəsini yarada bilən sentrifuqa qurğusunu istifadəyə verib.
İndex.az xəbər verir ki, Xançjou şəhərində yerləşən və Mərkəzdənqaçma Hiperqravitasiya və Fənlərarası Təcrübə Obyekti (CHIEF) adlanan bu obyekt mühəndislikdən geologiyaya, materialşünaslıqdan ətraf mühitin öyrənilməsinə qədər geniş spektrli təcrübələrin həyata keçirilməsinə imkan verəcək.
2018-ci ildə Çin hökumətindən razılıq alan və 2020-ci ildə tikintisinə başlanan layihə təxminən 2 milyard yuan (276,5 milyon ABŞ dolları) dəyərində tamamlanıb. CHIEF dünyanın ən böyük və ən güclü hiperqravitasiya sentrifuqasına ev sahibliyi edir. Bu nəhəng struktur süni şəkildə cazibə qüvvəsindən qat-qat güclü olan “hiperqravitasiya” yarada bilir.
Santrifüj texnologiyasının mərkəzində yüksək sürətlə fırlanan nəhəng qol dayanır. Bu qol daşıdığı yüklə dairəvi hərəkətlə fırlandıqda mərkəzdənqaçma qüvvəsi işə düşür. Bu qüvvə Yerin normal cazibə qüvvəsinə (1G) təzyiq yaradır, daha güclü qravitasiya şəraitini, yəni hiperqravitasiyanı simulyasiya edir.
CHIEF elm adamlarına təbiətdə minlərlə il çəkə biləcək prosesləri sürətləndirmək və müşahidə etmək imkanı təklif edir. Məsələn, belə qurğular sayəsində alimlər təbiətdə on minlərlə il çəkəcək çirkləndiricilərin daşınma proseslərini öyrənə biləcəklər.
Obyekt sayəsində elm adamları çay daşqınlarının bəndlərə təsiri, zəlzələlərin yer strukturlarına təsiri və kosmosda böyüyən bitkilər kimi müxtəlif sahələrdə təcrübələr də apara biləcəklər. Eyni şəkildə, illərlə davam edən gərginlik şəraitində bəndlərin performansını bir neçə saat ərzində modelləşdirərək, daha təhlükəsiz və daha davamlı mühəndislik strukturlarının layihələndirilməsi mümkün olacaq.
CHIEF-in sentrifuqalarının tutumu 1900 q-t (qravitasiya sürətləndirilməsi × ton) və yükgötürmə qabiliyyəti 32 tondur. Bu tutum ABŞ Ordusunun Mühəndislər Korpusunun 1200 g-t obyekti kimi hər hansı digər mövcud obyekti çox üstələyir.