Londonda müsəlman qadına şortik geyinmədiyi üçün futbol oynamağa icazə verilməyib

İngiltərənin paytaxtı Londonda yaşayan müsəlman futbolçu İqra İsmayıl şortik yox idman şalvarı geyindiyi üçün meydançaya buraxılmayıb.

İndex.az xəbər verir ki, qaçqınların hüquqlarının müdafiəçisi olan İqra İsmayıl 2019-cu ildə Somali komandasının kapitanı olub və Londonda “Hilltop FC” komandasını təsis edib.

Lakin hakim “United Dragons FC”yə keçdikdən sonra bazar günü onun ilk oyununu keçirməsinə icazə vermədi.

İsinmə hərəkətindən sonra hakimin yanına gəldiyini və xəbərdarlıq etdiyini deyən İsmayıl etiraz edib: “Beş ildir eyni liqada futbol oynayıram, idman şalvarı geyinmişəm, heç vaxt şortik geyinmək məcburiyyətində qalmamışam”.

Meydançaya çıxanda dini baxışlarının nəzərə alınması lazım olduğunu vurğulayan İsmayıl qaydaların dəyişdirilməsi üçün FA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) ilə birlikdə çalışdığını bildirib.

FA İsmayılla birbaşa əlaqə saxladıqlarını və problemi həll etməyə çalışdıqlarını bildiriblər.