Ötən il SOCAR-ın müəssisələrində 18 bədbəxt hadisə olub, 2 nəfər ölüb

2023-cü il üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda fəaliyyət sahələrinə görə 18 bədbəxt hadisə qeydə alınıb.

İndex.az bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu, 2022-ci ildə qeydə alınan bədbəxt hadisələrin sayı ilə müqayisədə 1 vahid çoxdur.

Qeyd edək ki, 2022-ci ildə SOCAR-ın Azərbaycanda fəaliyyət sahələrinə görə 17 bədbəxt hadisə qeydə alınıb. 2021-ci ildə isə bu rəqəm 12 olub.

Hesabatda deyilir ki, ötən il ərzində qeydə alınan 5 bədbəxt hadisə “Azneft” İstehsalat Birliyində baş verib. Ötən il ərzində Qaz İxrac İdarəsində və “Kompleks Qazma İşləri” Trestinin hər birində 1 bədbəxt hadisə qeydə alınıb.

Ötən il həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunda 5, “Neftqaztikinti” trestində 4 bədbəx hadisə olub.
SOCAR-ın açıqladığı hesabata əsasən, qurumun Nəqliyyat İdarəsində 1, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda isə 1 bədbəxt hadisə qeydə alınıb.

Qeyd edək ki, qeydə alınan 18 bədbəxt hadisədən 2-i ölümlə nəticələnib.