Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” – “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş 50-ci yubiley Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
6 ölkənin dövlət və hökumət başçıları, İtaliyanın 13 yerli icraedici orqanının rəhbəri və 11 nazir, ümumilikdə isə 27 ölkədən siyasi, akademik, institusional sahələrdə məruzəçilərin qatıldığı beynəlxalq forum “Reuters”, “Bloomberg”, “Financial post” və digər nüfuzlu media qurumları tərəfindən geniş işıqlandırılıb. Beynəlxalq münasibətlərdə Rusiya-Ukrayna məsələlərinə də toxunan dövlət başçısının səsləndirdiyi mühüm bəyanatlar Rusiyanın “Tass”, Ria Novosti”, “İnterfax” və onlarla media orqanında, Ukrayna, Belarus, Gürcüstan mətbuatında və eləcə də Türkiyənin “Anadolu Agentliyi”, TRT, “Star”, “Yeni Şafak” kimi KİV-lərində tirajlanıb.
Beynəlxalq Forumda moderatorun suallarını cavablandıran Prezident İlham Əliyev Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib.
“Əgər hipotetik imkandan danışırıqsa, nəzəri cəhətdən bu mümkündür. Çünki Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur”, – deyə Azərbaycan Prezidenti bildirib.
O qeyd edib ki, Azərbaycan iki ölkə ilə münasibətlərin praqmatizmini nəzərə alaraq bu prosesdə müəyyən rol oynaya bilər. “Biz bunun heç vaxt təşəbbüskarı olmamışıq. Bilirəm ki, bu işdə iştirak etmək istəyənlər kifayət qədər çoxdur. Amma iştirakımıza zərurət yaranarsa, biz hazırıq”, – deyə dövlət başçısı əlavə edib.
Bu, dünyanın aparıcı mediası tərəfindən təkrarlanan bəyanat idi. Bu, həm də dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin şərhlərinə səbəb oldu. Və türkiyəli analitik Engin Özerin RİA Novosti ilə söhbətində səsləndirdiyi fikri maraqla oxudum. O, iddia edir ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycana ötürə bilər, Moskva isə müvafiq variantı qəbul edə bilər.
“Bir variant ola bilər ki, Türkiyə İstanbul danışıqlarında razılaşdırılmış bütün məqamları Azərbaycan tərəfinə ötürsün və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etsin”, – türkiyəli ekspert belə hesab edir.
Onun fikrincə, Moskvanın təsdiqlədiyi vasitəçi ölkə münaqişə bitdikdən sonra beynəlxalq aləmdə mövqelərini möhkəmləndirəcək. “Ona görə də Moskva bu “hədiyyəni” NATO üzvü olan ölkəyə vermək istəməyəcək. Çox güman ki, Rusiya administrasiyası bu cür nüfuz qazanmaq üçün Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək”.
Bəli, hələlik, təəssüf ki, Rusiya-Ukrayna müharibəsinin çox yaxın gələcəkdə bitəcəyi ilə bağlı iddialar üçün real ilkin şərtlər yoxdur. Təbii ki, bu məsələdə çox şey ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrindən asılı olacaq.
Bundan sonra sülhün bərqərar olması istiqamətində hadisələrin sürətli inkişafı başlaya bilər.
Və burada, həqiqətən də, Azərbaycan məhz İkinci Dünya müharibəsinin bitməsindən sonra Avropada ən qanlı müharibənin sona çatmasında əsl vasitəçi rolunu oynaya biləcək ölkə kimi görünür. Bəli, ölkəmiz ərazi baxımından böyük deyil. Lakin o, həqiqətən unikal məqsədlərə nail ola bildi. Məhz Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edə bildi. Ukrayna, Gürcüstan, Moldova bunu edə bilmədi. Üstəlik, bütün bunlar aparıcı dünya və regional güclərin, o cümlədən ABŞ, Rusiya, Fransa və İranın planlarına zidd olaraq əldə edildi. Müvafiq olaraq, ölkəmiz artıq həqiqətən unikal təcrübəyə malikdir.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev qlobal miqyasda öz sözünü və imzasını təsdiqləmiş siyasi xadimdir və bunu dövlətimizin başçısının ən görkəmli simalardan biri olduğu Çernobbio Beynəlxalq Forumu bir daha təsdiq etmişdir. Təsadüfi deyil ki, məhz Çernobbioda o, Azərbaycanın iki ölkə ilə münasibətlərin praqmatizmini nəzərə alaraq, sülhün bərqərar olması prosesində müəyyən rol oynaya biləcəyini bəyan etdi.
Həqiqətən də, Azərbaycan prezidenti İlham Əliyevin həm Vladimir Zelenski, həm də Vladimir Putinlə eyni dərəcədə isti, hörmətli və etimadlı münasibətləri var. Və bu münasibətlər Ukraynada müharibənin real dayandırılması prosesinin başladığı anda həlledici amil ola bilər. O zaman aparıcı dünya dövlətləri Azərbaycana üz tuta və Kiyevlə Moskva arasında əsas danışıqlar aparan funksiyaları ölkəmizə həvalə edə bilərlər. Əminəm ki, Azərbaycan Prezidenti bu tarixi missiyanın öhdəsindən layiqincə gələcək.