“Apple” böyük təqdimata hazırlaşır

Texnologiya dünyası səbirsizliklə “Apple”in sentyabrın 9-da baş tutacaq təqdimat tədbirini gözləməyə başlayıb.

İndex.az xəbər verir ki, təqdimat mərasimində “Apple”in ən yeni “iPhone” seriyası olan “iPhone 16″nın dörd modeli təqdim ediləcək.

“iPhone 16” və “16 Plus” modelləri əvvəlki nəsil “iPhone 15″ə bənzər dizayna sahib olacaq, lakin kamera modulu “iPhone X” kimi şaquli düzülmə ilə yenilənəcək.

“A18” çipi ilə təchiz ediləcək bu modellər süni intellekt dəstəkli xüsusiyyətləri ilə diqqət çəkəcək.

Daha güclü “iPhone 16 Pro” və “Pro Max” modelləri “A18 Pro” çipi və daha incə çərçivələri olan daha böyük ekranlarla gələcək.

“Apple” həmçinin bu modellərdə “Fəaliyyət Düyməsi” və yeni “Kamera Düyməsi” təklif edərək istifadəçi təcrübəsini zənginləşdirməyi hədəfləyir.

Bu tədbirdə “Apple”in yeni ağıllı saatı “Apple Watch Series 10″un da təqdim ediləcəyi gözlənilir.

Daha incə çərçivələr və yenilənmiş dizaynla gəlməsi gözlənilən bu yeni seriya, “Apple Watch”ın onuncu ildönümünü qeyd etmək üçün xüsusi bir modellə də gələ bilər.